Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.
Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan “İçəri Şəhər” yerləşir. “İçəri Şəhər”də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.
Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana,
şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış “Şərq” divanxanası abidələri daxildir.
Kompleksin ilk tikililəri 1441-ci ilə, son “Şərq” divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.
Azərbaycan memarlığının unikal abidəsi olan “Qız Qalası” İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələdə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.
Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii
qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi
məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə
tikilmişdir.Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və sair vardır.
Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala
mövcuddur. Bunlardan biri dördkünc olub, XII əsrdə Şirvanşah Mənçəhrin oğlu Axsitan tərəfindən tikilmiş və bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2.10 metr, yuxarıdan isə 1.60 metrdir. İçəridən qala 5 yarusa bölünür.
2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12.5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.