Huşəng Cəfəri

Huşəng Cəfəri

Huşəng Cəfəri1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Uşaqlıq çağlarından şeir yazmağa, maraqlı rəsmlər çəkməyə başlayıb. Şəxsi 
mütaliə yolu ilə və Zəncan ədəbi mühitindən mənimsədikləri əsasında şeirlərini getdikcə daha da mükəmməlləşdirən Huşəng rəssamlığın sirlərini isə ustad sənətkar Rəhim Nəvəsindən öyrənib. Peşəkar şair və rəssam kimi yetişən Huşəng Cəfəri İranın Tehran, Zəncan və b. şəhərlərində çəkdiyi rəsm əsərlərindən ibarət sərgilər açıb. 
1990-cı ildə Zəncanın Tarım qəsəbəsində baş verən təbii fəlakətin-zəlzələnin yaratdığı dəhşətli durumu poetikləşdirən şairin bu hadisəyə həsr etdiyi şeiri böyük əks-səda doğurur və adını bütün ölkəyə tanıtdırır. Bu şöhrətin zövqünü yaşamayan, sevincini ürəyincə dadmayan şairin qəlbini yeni bir fəlakət dalğası daha dərindən yaralayır. Onun gözəl, ədəbli-ərkanlı ailəsi vardı. Üç qız, bir oğul atası idi. Taleyin amansız gərdişi nəticəsində - avtomobil qəzasında yeganə oğlunu və ömür-gün yoldaşını itirir. Halbuki qızlarından biri şair, digər ikisi rəssam və miniatürçü, oğlu isə qrim rəssamı kimi bir növ onun sənət yolunu davam etdirirdilər. Bu üzücü hadisədən sonra qəlbinə hüzn, kədər çökmüş şairin yeganə təsəllisi şeir yazmaq, sözün sehrli gücü ilə sınıq könlünü ovutmaq olur. Eyni zamanda rəssamlıq və xəttatlıq işindən də əl çəkmir. Orta və ali təhsilini tamamladıqdan sonra bir müddət Zəncan valiliyinin baş 
müavinlərindən biri olaraq fəaliyyət göstərən H.Cəfəri “Hacılar” və “Bəla vursun belə fərmandara” şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılır. Yalnız üç ildən sonra yenidən dövlət qurumunda xidmət göstərmək üçün çağırılır və ona sadəcə makinaçı kimi işləmək səlahiyyəti verilir. Vətəninin və xalqının problemlərini, dərd və ağrılarını düşünən, əsərlərində bu dərdləri qələmə alan vətəndaş şair Güney Azərbaycan xalqının milli şairi satatusunu qazanmışdır. Milli ruhda yazdığı şeirləri ilə çağdaş Güney poeziyasını 
zənginləşdirməkdə və elin-ulusun milli özünüdərk prosesini, milli ruhunu gücləndirməkdədir... Əsasən milli ruhlu şeir və poemaları toplanmış “Ağ Atım” və “Günəş” adlı kitabları ilə sevilən və artıq çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin üçüncü kitabı olan “Qanlı Çiçəklər” Zəncandakı “Nikan Kitab” Yayın evində nəşr sırasını gözləməkdədir... 

URMU GÖLÜ TƏK YALQIZAM, YALQIZ...
 
Vətənim dustaq, ruhum tıncıxır
Yanıma bir gəlib-gədənim olmur
Gələnlər sıxılır, gedən sınsıyır
Halıma bir yanıb bilənim olmur...

Gəlməyin durnalar, bizim kəndimiz
Çiskinli-dumanlı, şaxtalı kənddir
Yolları tikanlı evləri hisli
Qala tək qapısı taxtalı kənddir...

Vətənim dustaqdı baxışım geniş
Ürəgim darıxır Sıxılıram mən
Qolumdan saxlayın halımı sorun
El gücü olmasa yıxılıram mən...

Urmunun gölü tək yalqızam yalqız
Kəsilib damardan qanım ey ellər
Kəvirə dönürəm Azərbaycan tək
Duymasaz çıxacaq canım ey ellər!

Bir əldi bilmirəm ya neçə əllər,
Əl-ələ veriblər əlim kəsilsin.
Bilmirəm kimdilər, bir iş gördülər,
Gedənim sinsisin, gəliş kəsilsin...

Bir nəfər soruşmur elcə biləndən
Niyə alırsınız cisimdən canı?
Azər eli quruyub şurəzar olsa
Neynirsiz, neynirsiz, başsız İranı?

Dindirmə doluyam doluyam dolu,
Gedirəm zülmətin kökün yolduram
O qədər ağlıyam Urmu gölündə
Göz yaşla Urmu gölün dolduram!

Huşəng Cəfəri


Leave a Comment