Nasir Ətapur: "İndiki muğamlarımızın 90 faizi aşıq sənətindən yaranıb, amma... "

Nasir Ətapur: "İndiki muğamlarımızın 90 faizi aşıq sənətindən yaranıb, amma... "

"Azerbaijan Post" qəzetinin bu dəfəki müsahibi Təbrizdən olan tanınmış xanəndə Nasir Ətapurdur. 
Xatırladaq ki, xanəndə 1997-ci ildən 1998-ci ilədək Təbriz Radio və Televiziyasının nəzdində yaranan gənclər xalq çalğı alətləri ansamblında solist olub. 

2005-ci ildə Azərbaycan Respublikasına gedərək Azərbaycan Milli Konservatoriyasında muğam ustadı, Xalq artisti, professor Arif Babayevin sinfinə daxil olub, ondan muğamın sirlərini öyrənməyə başlayıb. Bununla yanaşı digər ustad xanəndələrdən, o cümlədən: Qəzənfər Abbasov, Canəli Əkbərov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev və digər ustadlardan muğamın sirlərini öyrənib.

2007-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında keçirilən Televiziya Muğam Müsabiqəsində 3-cü yerə çıxaraq laureat adına layiq görülüb. Həmçinin Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsındə təsilini davam etdirib. Hazırda Təbrizdə yaratdığı muğam məktəbində müəllim-xanəndə kimi fəaliyyət göstərir.
Əməkdaşımızın Nasir Ətapurla hazırladığı müsahibəni təqdim edirik:

"-Nasir bəy, ilk öncə yaradıcılığınızdakı son yeniliklər, mahnı və konsertləriniz haqqında danışmağınızı istərdik. 

-Artıq 10 ildir ki, muğam məktəbi açmışam və tələbələr yetişdirirəm. Demək olar ki, Azərbaycan Milli Konservatoriyasının bir filialı kimi fəaliyyət göstəririk. Burada bütün musiqi alətləri və xanəndəlik tədris olunur. Tələbələrimizin bir neçəsi Bakıda festivallarda yer tutublar. 

15 aydır ki, yeni "7 eşq şəhəri" adlı layihənin üzərində işləyirəm. Burada 7 əsas muğamımızın hər birini hər 5 aydan bir özüm və 12 tələbəmlə birgə səhnələşdiririk. Kiçik bir tamaşa da var ki, bir qoca ixtiyar muğama aid şeirləri oxuyur və "muğam dəstgah" şəklində mahnıları, təsnifləri ifa edirik. İlk dəfə qızlar xor şəklində muğam oxuyurlar ki, bu da Azərbaycan muğam tarixində yeni bir işdir və düşünürəm ki, indiyənə qədər bu cür xor şəklində muğam ifa olunmayıb. 

Ötən il "Rast" və "Şur" dəstgahını səhnələşdirdik, indi də üçüncü şəhərimiz olan "Zabul-Segah" muğamının məşqləri gedir və düşünürəm təxminən bir ay sonra onu da səhnələşdirəcəyik.  
Hesab edirəm ki, bu layihəni 2-3 il ərzində tamamlaya biləcəyik. 
Digər işləri isə artıq görə bilmirəm, çünki bu layihə çox ağır işdir. 

-Bu gün klassik Azərbaycan muğamı daha çox Güney, yoxsa Quzey Azərbaycanda inkişaf edir? Arada hansı fərqliliklər var? Ümumiyyətlə, muğamımızın son vəziyyətini necə şərh edərdiniz?

-Klassik muğam dedikdə keçmişdə böyük sənətkarlarımızın ifa etdiyi muğam nəzərdə tutulur. Dahi Üzeyir bəy Hacıbəylinin səyi nəticəsində 1921-ci ildə Azərbaycanda konservatoriya yarandıqdan sonra muğamlarımız akademik səviyyəyə yüksəldi və dünyanın bir çox səhnələrində layiqincə təmsil və təqdim olundu. Bununla da muğamlarımız inkişaf yolunu çox sürətlə keçdi. Lakin Cənubi Azərbaycanda məlum vəziyyətə, şəraitə görə muğam sənəti o qədər də inkişaf etməmişdi. 

Ümumiyyətlə, son yüz il ərzində  musiqimiz Şimali Azərbaycanda inkişaf etdiyi qədər Cənubi Azərbaycanda inkişaf etməmişdi. Lakin 2007-ci il muğam müsabiqəsində mənim orada iştirak etməyimdən sonra yeni bir dövr, çağ başladı. Cənubi Azərbaycanda da muğamlarımız çox sevilməyə, inkişaf etməyə başladı.

Lakin bir həqiqət də var ki, Cənubda klassik üslub daha çox qorunub. Şimalda sanki artıq digər nəfəslərə üstünlük verməyə çalışırlar. Yəni, muğamlarımızda fars, ərəb, digər yad səslər, nəfəslər eşidilir. Bu da muğamlarımızın deformasiyaya uğraması deməkdir.

-Bəzən fikirlər səslənir ki, qədim Azərbaycan musiqisinin əsasında muğam deyil, aşıq sənəti dayanır. Sizin bu məsələdə düşüncəniz necədir?

-Bəli, tam doğrudur. Azərbaycan musiqisinin özəyi aşıq musiqisi, sənətidir. Muğam sonralar yaranıb. Aşıq sənəti, dastanları xalqımızın demək olar ki, ən öndə gedən mədəniyyət nümunəsidir və dünya mədəniyyətləri içərisində də öndədir. 
Məlum olduğu kimi Azərbaycanda bir çox mahnılar xalq mahnısı kimi yayılır ki, bu da doğru termin deyil. Belə ki, həmin mahnıların demək olar ki, 99 faizi aşıq musiqisi, aşıq havalarıdır ki, sonradan bəzi xanəndələr tərəfindən götürülüb və sözləri dəyişdirilib, bəzən də müəllifi özləri olduğu bildirilib.

Aşıq musiqimizə çox dəyər verməliyik. Çünki aşıq musiqimiz həm melodiya, ritm, həm də ədəbiyyat baxımından çox zəngindir. Bəzən hansısa ölkənin ritmlərinin çox gözəl olduğunu deyirik, halbuki özümüzün aşıq musiqisi ritmləri çox zəngindir. Demək olar ki, dünya musiqisinin aparıcı qollarından biri aşıq sənətidir. Biz bununla fəxr etməliyik. Amma bəzən görürük ki, ya xanəndələr aşıq musiqiçilərini, ya da aşıq musiqiçiləri xanəndələri bəyənmirlər. Hesab edirəm ki, arada heç bir fərq qoymadan hər iki musiqi janrını dərindən bilməli, öyrənməliyik. Bir daha qeyd edirəm ki, Azərbaycan musiqisinin özəyi, kökü aşıq musiqisidir və indiki muğamlarımızın 90 faizi aşıq sənətindən yaranaraq, bugünkü günümüzə gəlib çatıb. Yəni, şikəstələrimiz, zərbi muğamlarımız, çox sayda şöbə və guşələrimiz aşıq sənətində var, ifa olunub, hazırda da nümunələri var.

Bir sözlə, bizim musiqimizin şahı aşıq sənətidir.

-Kimi özünüzə ustad hesab edirsiniz və niyə?

-Hər bir peşəkar şəxs öz sahəsinin böyük ustadlarından, müəllimlərindən, dəyərli şəxsiyyətlərindən faydalanmalıdır. Mən də muğam sənətində olan böyük xannəndələr, tar və kamança ustadlarının hamısından faydalanmışam. 2004-cü ildə Azərbaycan Respublikasına gedərək, orada çox dəyərli, ustad Arif Babayevin sinfinə qəbul olundum, magistatira pilləsini də bitirdim. Doktrantura pilləsində də hazırlaşırdım, lakin məlum koronavirus pandemiyasının başlaması səbəbindən hələlik bunu təxirə salmışdim. Lakin tezliklə doktrantura pilləsini də bitirəcəm. 

Qeyd edim ki, həm də böyük ustad Qəzənfər Abbasovdan da dərs almışam. Ümumiyyətlə, Azərbaycan Milli Konservatoriyasında çalışan böyük ustadların, xanəndələrin hamısının sinfində oturub, muğam mübadiləsi aparmışam, öyrənmişəm. 
 
Bundan başqa, keçmişdən bu günə qədər hansı lent yazısı varsa, onların hamısı mənim xüsusi arxivimdə var. Onları həmişə dinləyir, mütaliə edirəm. Kimdən hər nə öyrənmişəmsə, onların hamısı mənim ustadım sayılır. 

-Zamanında Bakıda keçirilən televiziya muğam müsabiqəsində iştirak edib, 3-cü yerə layiq görülmüsünüz. Bu müsabiqə sizin yaradıcılığınıza necə təsir edə bilib?

-Muğam müsabiqəsi həqiqətən də Azərbaycan muğam sənətində bir dönüş yaratdı və gözəl bir layihə olaraq ekrandan insanların evinə, gündəliyinə daxil oldu. Çox şükür edirəm ki, 2007-ci ildə mənə də qismət oldu ki, bu müsabiqədə iştirak edim. Allahın köməyi, ustadların zəhməti ilə laureat adını qazanmağa çalışdım. Həmin vaxt ilk dəfə idi ki, Cənubi Azərbaycandan olan xanəndə bu müsabiqədə iştirak edib, yer tuturdu. Bundan sonra Cənubi Azərbaycandan olan tələbələr Bakıya axın etdi, Azərbaycanın mədəniyyət ocaqlarına, Bakı Musiqi Akademiyasına, 
Azərbaycan Milli Konservatoriyasına daxil oldular, müsabiqədə iştirak etdilər. 
Bir neçə tələbəni də özüm muğam müsabiqəsinə aparmışam və orada laureat olublar, yer tutublar. Bir sözlə, bu müsabiqəyə çox borcluyuq. Şəxsən mən özüm borcluyam ki, orada tanındım, xalq sevdi, gördülər ki, Cənubi Azərbaycandan da xanəndə gəlib, iştirak edir. O vaxtdan var gücümlə çalışıram ki, muğamımız inkişaf etsin, güclənsin, yeni nəslə, gənclərə, yeniyetmələrə çatsın, olduğu kimi yaşasın. 

-Quzey Azərbaycanla yenə də əlaqələriniz varmı, konsert və ya televiziya proqramlarında iştirak edirsinizmi?

-Bəli, əlaqələrim var. Lakin bir gileyim var. Nə qədər ki, Bakıda yaşayırdım, təhsil alırdım, efirlərə dəvət edirdilər, hətta ustadlarımla birgə gedib, iştirak edirdim. Lakin 2012-ci ildən Təbrizə qayıtdıqdan sonra çox təəssüf ki, heç bir efirə, konsertə dəvət edilmirəm. Bu da insanda bir küskünlük yaradır. Məlum olduğu kimi Cənubi Azərbaycanın mediası, efiri, televiziyası yoxdur. Lazımdır ki, buradakı sənəti, istedadları göstərək. Görsünlər ki, 40 milyonluq azərbaycanıların içərisində də nə qədər istedadlı insanlar var.

-Son vaxtlar muğamın xarici musiqilər və yaxud yerli müasir musiqilər ilə sintezlərini eşidirik. Bunu necə qarşılayırsız? 

-Muğamların sintezi keçmişdə də olub, bu gün də var, düşünürəm ki, gələcəkdə də olacaq. Lakin bu sintezlər savadlı şəkildə, doğru-dürüst olmalıdır ki, gələcək nəslə də gedib çatsın. Hər kəsə məlumdur ki, cazmen Vaqif Mustafazadə caz musiqisi ilə muğamı sintez etmişdi. Hazırda isə onun qızı Əzizə Mustafazadə bunu dünyada təbliğ edir, önə aparır. Sonralar da müxtəlif layihələr oldu, belə ki, Latın Amerikası, latviyalılar və yaxud hindistanlılarla, yaponlarla bu sintezi gördük. Əslində bu gözəl işdir, bir növ sivilizasiyaların danışığıdır. Şəxsən mən bəyənirəm və hesab edirəm ki, bu cür işlər sıx şəkildə olmalıdır. 

Lakin əvvəldə də qeyd etdiyim kimi, çalışmalıyıq ki, musiqimiz dünyada doğru-dürüst akademik səviyyədə tanınsın, təbliğ olunsun. 

-Hazırda Təbrizdə, Güney Azərbaycanın digər bölgələrində muğam sənətinə maraq nə qədərdir? Sizi qane edirmi?

-İranda yaşayan azərbaycanlıların muğama, milli musiqimizə həvəsi, marağı həddindən artıq çoxdur. Ustad sənətkarlar da burada müxtəlif şəhərlərdə konsert verəndə deyirlər ki, "İranda musiqini dinləmirlər, içirlər". Hətta ustad xanəndə Alim Qasımov müsahibələrinin birində demişdi ki, "məni Təbrizdə Maykl Cekson kimi qarşılamışdılar". 

Lakin onu da qeyd edim ki, muğam sahəsində olan dostlarımız bir qədər az fəaliyyət göstərirlər. Çalışmalıyıq ki, konsertlər, studiya yazıları, kliplər çox olsun ki, xalqımız öz musiqimizi çox dinləsin, sevsin, yeniyetmələrimiz, gənclərimiz həvəslənərək, musiqimizə gəlsinlər və musiqimiz keçmişdə olduğu kimi yenə də yaşayaraq, gələcək nəslə çatsırılsın. 

"7 eşq şəhəri" layihəsi çərçivəsində bu günə qədər 4 konsert keçirmişik. Onlardan 3-ü Təbrizdə, 1-i Tehranda baş tutdu. Xalqımız bu konsertləri çox gözəl qarşıladı. 2 gün 1500 nəfərlik zal tam dolu idi.

-Muğam sənəti ilə bağlı gələcək fəaliyyətiniz, planlarınız nədir?

-Əvvəldə də qeyd etdiyim kimi, hazırda muğam məktəbində müəllim kimi işləyir, tələbələr yetişdirirəm. Çalışıram ki, klassik muğamımıza, ədəbiyyatımıza sadiq qalım, onu ləyaqətlə təmsil, təbliğ edim. Yəqin ki, "7 eşq şəhəri" adlı layihəsindən sonra yeni layihələrimiz olacaq.

Mən bu yolu böyük eşqlə, ürəklə seçmişəm, var gücümlə fəaliyyət göstərməyə çalışıram. Nə qədər ki, nəfəsim gəlir, çalışacam ki, muğamımız irəli getsin, xalqımız da bundan yararlansın".

Xalidə Gəray

Nasir Ətapur: "İndiki muğamlarımızın 90 faizi aşıq sənətindən yaranıb, amma... "


Leave a Comment