Bakida İlk dəfə musiqi formu keçirilib

Bakida İlk dəfə musiqi formu keçirilib

“Gülüstan” sarayında keçirilən tədbirin ilk günündə mədəniyyət və ictimaiyyət 
nümayəndələri ilə yanaşı mədəniyyət nazir Adil Kərimli də iştirak edib.
Nazir çıxış edərək bildirib ki, il ərzində 
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib:
“Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Onun respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir.
Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində
 Azərbaycan mədəniyyəti yeni mərhələyə qədəm qoyub. Ölkəmiz mədəniyyəti, xüsusilə musiqisi ilə xaricdə tanınıb. Milli 
dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə 
Azərbaycan musiqisinin ən dəyərli incilərindən olan muğam UNESCO-nun
 Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və özünün bədii 
təkrarolunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiq edib”.
Musiqi Forumunun əhəmiyyətinə toxunan nazir bildirib ki, üç gün ərzində tədbir çərçivəsində ölkənin tanınmış musiqi 
xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq. Forum 
günlərində həmçinin Azərbaycan milli
 musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040”
 Konsepsiyasında öz əksini tapacaq.
Forumda Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək, irihəcmli və akademik əsərlərə böyük ehtiyac duyulduğunu deyib. O ümidvar olduğunu bildirib ki, bu qəbildən tədbirlər musiqi sahəsinin inkişafına öz töhfəsini verəcək:
“Təəssüflər olsun ki, 20-ci əsrin musiqiləri konsert zallarımıza hələ gəlib çıxmayıb.
Mən burada onlarla ad çəkərəm ki, onlar 20-ci əsr musiqisinin ən önəmli imzalarıdır, amma onlar bizim konsert zallarında yoxdur. Mənə bəzən suallar verirlər ki, bizdə indi niyə Qara Qarayev yetişmir? Bu mənə veriləcək sual deyil”.
Firəngiz Əlizadə diqqətə çatdırıb ki,
 Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, 
çünki təhsil ocağı deyil:
“Bəstəkarlar İttifaqı yetişmiş bəstəkarları
 üzvlüyünə qəbul edir, onların dünyada 
çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı 
şeylərdir.
Daha sonra televiziya kanallarında yaradıcılıq ittifaqlarının ləğv edilməsi ilə bağlı səslənən fikirlər mənə çox pis toxunur. Onlar deyirlər ki, guya həmin yaradıcı ittifaqlar sovet təbliğatı ilə məşğul olublar. Bu fikir kökündən yanlışdır. Bəstəkarlar İttifaqının başında hər zaman Azərbaycanı sevən, onun musiqisinə canla-başla xidmət edən dahi şəxslər dayanıb ki, o adamlar Azərbaycan musiqisi üçün çalışıblar, sovet musiqisi üçün yox. Mənə qədərki sədrlər və mən özüm – heç birimiz heç vaxt sovet musiqisi təbliğatı ilə məşğul olmamışıq”.
Forumda Bakı Musiqi Akademiyasının 
rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin də çıxışı yadda qalan olub.
“Telekanalların proqram siyasəti məsələsi olduqca vacib məsələ və problemdir.
Mən istəməzdim ki, proqramların 90 faizi əyləncə motivli olsun. Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq”, deyə Fərhad Bədəlbəyli qeyd edib.
Onun həmkarı, Azərbaycan Milli
 Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi də ölkənin
musiqi sahəsində mövcud olan
problemlərdən danışıb. Siyavuş Kərimi 
Azərbaycanda musiqiçilərin vəziyyətinin iş tapmaq baxımından problemli olduğunu diqqətə çatdırıb:
“Hazırda çox istedadlı gənc ifaçılar var və onlara dəstək olmaq lazımdır. Təəssüf ki, onların təhsil alıb bitirdikdən sonra iş
problemləri meydana gəlir. Azərbaycanda
 musiqiçilərin durumundan danışsaq, görərik ki, onlar iş baxımından problem yaşayır.
Kim normal yaşayırsa, o adamlar toya gedir. Minlərlə musiqiçidən, uzağı, yüzü-iki yüzü toya gedir, gedə bilir. Bəs qalanları? Konservatoriyanı bitirən kəs orta məktəblərdə musiqi fənnini tədris eləmək gücündədir. Amma musiqidən bixəbər adamlar onların yerini tutur, musiqi tədris edirlər”.
Siyavuş Kəriminin digər fikirləri isə qalmaqal yaradıb. Belə ki, Xalq artisti “Azərbaycan musiqisi dünyada heç yerdə qəbuledilmir, çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir.
Elementar bir şeyi deyim, Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik
 səsyazmaya görə, Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”, deyib.
Xalq artistinin bu açıqlaması Azərbaycan cəmiyyətində xeyli müzakirə yaradıb. Lakin sonradan Siyavuş Kərimi mətbuata açıqlama verərək, fikirlərinə bu cür aydınlıq gətirib:
“Ölkəmizdə ilk dəfə olaraq belə genişmiqyaslı Musiqi Forumunun keçirilməsi təqdirəlayiq haldır. Həqiqətən də
 musiqimizin indiki vəziyyətində bir sıra problemlər var və biz də o problemlərin həlli istiqamətində Forumun çox böyük köməyinin olacağına inanırıq. Belə tədbirlərin 
keçirilməsi lazımlı və vacib məsələdir.
O ki qaldı mənim Forumda səsləndirdiyim fikirlərə, təəssüf edirəm ki, bəzi xəbər
 saytları sözlərimi kontekstdən çıxararaq, təhrif ediblər. Söhbət Azərbaycandakı 
səsyazma studiyalarının keyfiyyətindən gedirdi. Bəli, bu gün Azərbaycanda peşəkar, beynəlxalq standartlara cavab verən səsyazma studiyaları yoxdur. İndiki dövrdə Azərbaycan musiqisinə lazım olan vacib məsələlərdən biri məhz dünya standartlarına cavab verən səsyazma studiyalarıdır”.
Bu arada xatırladaq ki, bir neçə il öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də Mədəniyyət 
Nazirliyinə müraciət edərək, dövlət səviyyəsində səsyazma studiyasının yaradılmasını istəmişdi. Firəngiz Əlizadə bildirmişdi ki, bu cür studiya yaradılsa musiqilər, mahnılar daha səviyyəli şəkildə səslənər.
Forumda tanınmış beynəlxalq musiqiçilər də iştirak edib. Məsələn, İstanbul musiqi 
festivalının direktoru Efruz Çakırkaya çıxış edərək, klassik musiqi ənənəsi və tamaşaçının klassik musiqiyə marağının artırılması problemlərindən söz açıb, rəhbərlik etdiyi İstanbul musiqi festivalının tarixi və fəaliyyəti haqqında məlumat verib.
“K2İD Productions” (Yunanıstan) şirkətinin rəhbəri İlias Kokotos “Avroviziya” mahnı müsabiqəsi ilə məşhurlaşan təşkilatlarının fəaliyyətindən söz açdı. Dedi ki,
 “K2İD Productions” təşkilatı müsabiqə üçün iştirakçıları təşviq edir.
Almaniyadan olan musiqiçi və musiqi meneceri Nikolas Rexroth isə ölkəsində 240 peşəkar musiqi təsisatının olduğunu deyib, Berlində yeddi böyük simfonik orkestrin
 fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu təsisatların əksəriyyəti dövlət tərəfindən maliyyələşir. O, pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi kimi məsələlərə də toxunub.
Foruma oktyabrın 32-də yekun vurulub”.
 

Bakida İlk dəfə musiqi formu keçirilib


Leave a Comment