Bəxtiyar Vahabzadə, sözün ən yaxşı mənasında, narahat, daim öz-özü ilə cəngi-cidalda, döyüş-savaşda olan şair idi. Onun qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur, - deyirdi yazıçı Mehdi Hüseyn...
Vətəndaş şair kimliyi ilə qəhrəmanı arasında ziddiyyət yaratmayan, əslində fərdi düşüncələrini ədəbi qəhrəmanının dili ilə oxucusuna çatdıran Bəxtiyar Vahabzadə epik, lirik, dram əsərlərində, ictimai-siyasi məzmunlu şeir və məqalələrində ana dili məsələsini ən önəmli mövzu kimi diqqət mərkəzində saxlayırdı. Bir Azərbaycan türkü kimi onun xəyalı, sənət və həyat idealı milli varlığın, xüsusilə ana dilinin qorunması məsələsi idi.
Türkcəni qürur yeri, fərəh mənbəyi sanan B.Vahabzadənin fikrincə, dil xalqın ruhu, milli varlığı, mənəvi dünyasıdır. Şairin gəldiyi qəti qənaətə görə, Azərbaycan dili xalqının aldığı ilk nəfəsdən, uca dağların əzəmətindən, Koroğlunun Qıratının nal səsindən, göylərdə çaxan ildırımların şaqqıltısından, yatağına sığmayan çayların şırıltısından, ana torpağın qoxusundan, gül-çiçəyin rəngindən, xalqın bağrından qopan sədalardan yaranmışdır. Ağ saçlı babalarımızın kamalından yaranan ana dilimiz eşqimiz, canımız, bir-birimizlə əhdi-peymanımızdır. Dünyada var olan və olmayan hər şeyi bizlərə tanıdan bu dildir, babalarımızın indiki nəslə miras qoyduğu ən qiymətli xəzinədir. Bu mirası göz bəbəyimiz kimi tək qoruyub gələcək nəsillərə ötürməksə, bizim vəzifəmiz, vətəndaşlıq borcumuzdur. Şair oxucusuna “dil açarkən ilk dəfə söylədiyimiz söz “Ana”, ilk dərsliyimiz “Ana dili” ikən, dinlədiyimiz ilk laylaları ruhumuz anamızın südü ilə məhz bu dildə içdiyi halda, nə üçün biz bu dilin qiymətini bilmirik? – sualını verir:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi vərəqlənir,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim qorunur.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan! [1]
Ana dilinin qara sevdalısı olan müdrik şairin bu tutkusunu alman əsilli Azərbaycan aşiqi, dünyaca məşhur şərqşünas alim Əhməd Şmide belə dəyərləndirir: “Bir insanın öz xalqını və öz dilini dəlicəsinə sevə bilmək bacarığını mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Mürəkkəb və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır...”[2]
B.Vahabzadə isə ünlü araşdırmaçını oxucularına belə təqdim edir: “O, milliyyətcə almandır, təhsil almaq üçün Türkiyəyə getmiş və türkləri o qədər çox sevdiyindən türk sevdalısına çevrilmişdir. Camiyə gedərək İslam dinini qəbul etmiş, Əhməd adıyla da İslamı qəbul etdikdən sonra, bu adla çağrılmasını istəmişdir. Alman adı isə Hans Peterdir...”[3]
Bəxtiyar Vahabzadə milli dil, milli qeyrət, milli şüur, milli məfkurə, milli təəssübkeşlik əqidəsinə ömrü boyu sadiq qalmış, bu məfhumları həyat amalına, qutsal amacına çevirmişdi. Şairin milli dil uğrunda mübarizəsini akademik Nizami Cəfərov gözardı etmir: “Bəxtiyar Vahabzadəni millətin oğlu kimi hər zaman narahat edən ən vacib mövzulardan biri, bəlkə də birincisi ana dilinə olan sevgisi olmuşdur. Onun çoxyönlü fəaliyyətinin yalnız bu tərəfi, əslində böyük sənət adamının adının Azərbaycan tarixində əbədi olaraq qalması üçün kifayətdir...”[4]
Məlum olduğu kimi, Sovetlər birliyi dönəmində rəsmi olaraq qadağan olunmasa da, türk xalqlarının dillərinin işlənməsi arxa plana keçirilir, rus dilinə rəvac verilirdi, B.Vahabzadənin təbirincə desək, Azərbaycan türkcəsi “qapı dalında” saxlanırdı. Bu haqsızlığa dözə bilməyən və ana dilinin sıxışdırılması haqqında o zaman danışmaq, açıq şəkildə yazmaq qadağan olunsa da, açıq fikirləiri ilə Sovet imperatorluğuna vurduğu zərbələrdən ötrü hər zaman nəzarətdə saxlanan Vahabzadə təzyiq rejimindən qorxmadan, vətənində vətənsizləşən insanların gözünü açmaq, mənfur işğalçıların qədim bir xalqın dilini, tarixini və mədəniyyətini yox etmək siyasətinə qarşı çıxaraq məhz bu mövzuda “Latın dili” adlı şeirini yazır. Şair bu şeirdə məharətlə bədii üsulların imkanlarından istifadə edərək oxucularına yönəltdiyi suallarla onları dərindən düşünməyə sövq edir. Özünü də ciddi şəkildə narahat edən, yuxularını qaçıran “yaşayan dil” və “ölü dil” məsələsini ədəbi müzakirə meydanına çıxarır. Dünyada bir xalq olaraq artıq var olmasa da, əsas məsələ olan, yəni ölü xalqın diri qalan dili ilə hələ də diri olan xalqın ölümə məhkum edilmiş dilini müqayisə edir. Bəxtiyar Vahabzadənin vicdanı ağrıyır, ruhu sızlayır və belə düşünür ki, axı, necə olur ki, latın dili hər sözündə dünya qədər yük daşıyır? Halbuki bu dildə nə ana, nə torpaq, nə də Vətən deyilən heç bir nəsnə yoxdur. Dünyada “latın” adında bir millət də yoxdur, əsrlərdir tarix səhnəsindən silinib. Amma nə hikmətdirsə, ölü bir millətin dili hələ də yaşayır. Şair döyüşlərdə qələbə qazanaraq şəhid olan igidə bənzətdiyi bu ölü xalqın diri qalmış dilinin sabah milli ləyaqətini itirməkdə olan bizləri üstələyəcəyinə, hətta ulduzlara çatacağına şübhə etmir... Düşüncələrə dalır, içindən bir sual baş qaldırır: - Vətəni və milləti yoxkən özü var olan, elm adamlarının, həkimlərin termin dilinə çevrilən bir dil uzun əsrlər boyunca necə yaşarı olur?..
Təbii, “şeirdə şairin məqsədi latın dilinin mükəmməlliyini göstərmək deyil, bu dili Azərbaycan dili üçün misal gətirməkdir. Qədim Roma imperiyasının dili olan, xalqı mövcud olmayan bu dilin yenə də öz mükəmməlliyini saxlaması, dil kimi ölüb getdikdən sonra belə, müasir dünya dillərində izinin, təsirinin hələ saxlamasını bir daha xatırlatmaqdır...”[5]
Təqvimlərdəki ayların, illərin, çiçəklərin, böcəklərin, küləklərin, səmavi cisimlərin adları alimlərin ölü dedikləri bu dildə yazılırsa, o zaman bu dil ölülərin deyil, dirilərin dilidir... Atlantik okeanı sahilində baş verən bir yığıncaqda kürsüdə ağzı köpüklənə-köpüklənə xarici dildə nitq söyləyən bir natiq: “Mən azadam, mən xoşbəxtəm!” deyirsə, biz nəyə inanaq? Qulağamı, yoxsa gözümüzlə gördüklərimizə? Əmələ, yoxsa sözə?
“Mən azadam, müstəqiləm” sözlərini
Öz dilində deyə bilmək iznin yoxsa,
De, kim sənə azad deyər?..
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin.
Böyük-böyük məclislərdən itirilib ilim-ilim...
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə... Onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün sözü yoxdur?
Söylə, bəlkə bic doğulub?
Atasından yox xəbəri?
Bəlkə bu dil çox kasıbdır?
Qucağına sığışmayır əsrin böyük fikirləri?
Sən dərdə bax, Vətən də var,
Millət də var, ancaq onun dili yoxdur.
Elə bil ki, ayna kimi, hamar,
şəffaf royalın var, dili yoxdur…[6]
Milli duyğuların daşıyıcısı olan şairin haqlı sualları qarşısında türkcəni qapı arxasında saxlayan məmurlar çaşıb qalırlar. Adını açıq-aşkar söyləməsə də, şeirin misralarındakı sətiraltı mənaların fərqinə varan oxucu çox yaxşı anlayır ki:
İndi söylə: - Hansı dilə ölü deyək:
-Vətən varkən, millət varkən,
Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?
Yoxsa uzun əsrlərdən keçib gələn,
Xalqı ölən, özü qalan bir diləmi? [7]
Şair bununla Güney Azərbaycan türklərini və onların qadağan olunmuş dilini nəzərdə tutur... O belə açıq, yaxud eyhamlı bir şəkildə təqdim etdiyi fikirlərində ana dilinə və məmləkətinə olan sonsuz sevgisini, bu qutsal varlıqları göz bəbəyi kimi qorumağın vacibliyini diqqət mərkəzinə çəkirdi. “Gülüstan” poemasında şair qəti hökmünü verir: Tikanlı məftillər, dəmir-beton dirəklər, ağır silahlı qoşunlar torpağı ikiyə bölsə də, bir elin ruhunu, dilini ayırmaq olmaz, axı, ruh bədəndən ayrılmazdır! Hətta güllərin, çiçəklərin belə bu ayrılıq aktını imzalayanları qarğayaraq: “Bu işə qol qoyan qollar sınaydı!”[8] deyir və “Ağalar bilmədi birdir bu torpaq, Təbriz də, Bakı da Azərbaycandır, bir elin ruhunu, dilini ancaq kağızlar üstündə bölmək asandır!”[9] istehzası daş qəlbləri də təsirsiz ötmür...
Bəxtiyar Vahabzadə bu sayaq çağırışları ilə Əhməd Bican Ercilasunun təbirincə desək, “bizə hər millətin ana dilinin o millətin namusu və vicdanı, nəsillərin bir-birlərinə ötürdüyü ən qiymətli miras olduğunu öyrətdi…”
Аna dili və Vətən tariximizin vacib problemləri, taleyüklü məsələləri barədə dəyərli elmi-tənqidi məqalələrinin yer aldığı “Sənətkar və zaman” silsiləsindən bir sıra kitabların müəllifi olan şairin “Ana dilim-Ana ətrim”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Su başdan bulanır”, “Ana dili-dövlət dili”, “Qatıq qara olmaz”, “Dil və əlifba”, “Dilimizin və millətimizin adı”, “Ana dili, yenə Ana dili”, “Məmurlar yenə də öz övladlarını anadilli məktəblərdə oxutmurlar”, “Dildə təbiilik və gözəllik”, “Dilimiz-ədəbiyyatımız” adlı publisistik məqalələrində tənqid hədəfi ana dilində danışmağa utanan, ürəyini və ruhunu qoşmalar, telli sazlar oxşamayan, sözdə müasir olan və övladlarına xarici dillərdə təhsil verdirən “obrazovannıları” tənqid atəşinə tutur. Şairin məqsədi bu yazılar vasitəsilə yatmış vicdanları oyatmaq, ana dilinin təmizliyini, saflığını qorumaqdır. Evladlarının xarici dillərdə təhsil alması üçün çalışan ata-anaların bu yolla əslində bir manqurt yetişdirdiklərindən xəbərsiz olduqlarından, bu səhv addımın sabahkı gündə o uşaqların və ölkənin milli faciəsinə, fəlakətinə çevrilməsini anlamamasından böyük kədər hissi yaşayır, daha sərt mübarizə aparırdı: “Bir zamanlar türk respublikalarında bu hal baş verirdi. Rus məktəblərində oxuyan uşaq öz tarixini, millətini, ənənəsini öyrənmədən bir manqurta çevrilirdi. Bu gün Azərbaycanda hələ də işlərimizə mane olan bu cür insanlar vardır. Uşaqların öz dilində təhsil almasına və öz köklərini öyrənməsinə vicdanı olan heç bir insan mane olmaz”[10], – deyirdi…
Vətənpərvər şair Azərbaycan dilinin qrammatikasını, dilimizin lüğət tərkibini yaradan söz və ifadələri, ibarə və söz birləşmələrini düzgün və dərindən öyrənməyi hər bir soydaşımız, özəlliklə dilçi və ədəbiyyatşünas alimlər, müəllimlər üçün hava, su qədər gərəkli sayırdı… “Dildə təbiilik və gözəllik” adlı məqaləsində ana dilini maddi və mənəvi xəzinə kimi təqdim edir, özəlliklərini, sözyaratma keyfiyyətini önə çəkir: “Sözləri və onun toplusu olan cümlələri-bir ağıldan o biri ağıla, bir ürəkdən o biri ürəyə fikir yükü daşıyan nəqliyyat vasitəsinə bənzədir. Nəqliyyat yükə xidmət etdiyi kimi, sözlər də fikrə xidmət edir. Fikrə görə söz tapılır, sözə görə fikir yox! Ancaq fikir yükünün mənzilə tez, kəsə yolla çatdırılması üçün münasib nəqliyyat vasitəsi - ən dəqiq sözlər, ibarələr, ifadələr tapılmalıdır”[11].
Mənim ana dilim mənim kimliyim,
Pasportum, özumə öz hakimliyim,
Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim.
Millətin varlığı, yurdun varlığı
Sənin varlığına bağlıdır, dilim!
Məni həm babamla, həm də nəvəmlə,
Bağlayıb uzanan tarix bağımsan.
Dünənim, sabahım üstəlik hələ,
Mənim öz hünərim, səs bayrağımsan.
Sənsiz adım haram, vətənim haram,
Ana südü kimi halalım dilim.
Harda sən varsansa, orda mən varam,
Ey mənim ulduzum, hilalım dilim.
Daşlardan süzüldün sən zaman-zaman
Gözəldir suların daşdan keçməsi.
Yarandı dumduru damcılarından
Bayatı çeşməsi, dastan çeşməsi.
Mənim ana dilim, möcüzəm, sehrim,
Çəpərlər dağıdar, qapılar qırar.
Bəzən bircə kəlmə ən dərin fikrin
Üstünə nur salıb cilalandırar.
Fərqini bilməyib ağla qaranın,
Adam var bu dili yad sayar bu gün.
Dədəsi bu dildə cəbhə yaranın,
Özü özgə dildə banlayar bu gun.
Hansını söyləyim, mismi, dəmirmi,
Yalnız öz səsiylə cingildəmirmi?
Mis səsi bənzəməz dəmir səsinə
Onların dilidir onların səsi.
Bənzəməz bülbülün təranəsinə
Qarğa qarıltısı, hop-hop nəğməsi.
Nə yarpaq, nə külək, nə metal, nə quş
Səslənmir, oxumur özgə dilində.
Bəs sənə nə düşüb, ay dili yanmış,
Yad dildə ötürsən öz mənzilində.
Namusdan bixəbər, vicdandan uzaq,
Vəzifə kürsüsü məramdır sənə.
Vətənin dilini sevməyən alcaq,
Vətənin cörəyi haramdir sənə...
Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim,
Vətənin varlığı, xalqın varlığı,
Sənin varlığına bağlıdır, dilim...[12]
Vətənin nemətlərini - hava, su və çörəyini bu özünü bəyənmişlərə əsla halal etməyib hətta: “Haram olsun!” - deyə qarğayan mütəfəkkir şair həm də bir fikir adamı kimi prinsipiallıq göstərirdi... Bəzi səbəblərdən bir-birindən uzaqlaşdırılıb milli birliyi sarsılan, aralarındakı beş min illik bağları qoparılan, yaxud sarsıdılan türk qövmlərinin bir araya gəlməsi, eyni zamanda ortaq türkcənin təsisi onun uğrunda mübarizə apardığı taleyüklü məsələlərdən idi: “Bizlər, yəni Özbək, Qırğız, Qazax, Tatar, Başqırd, Azərbaycan, Türkmən, Kumık, Altay, Noqay, Saka türkləri... bir-birimizdən o qədər ayrı düşmüşük ki, nəsli eyni olan ata-babalarımızın diliylə danışa bilmir, yalnız rus dilinin vasitəsilə anlaşa bilirik. Mən bunu böyük bir fəlakət sayır və bu fəlakəti aradan qaldırmaq üçün tək bir yol görürəm: Yavaş-yavaş ortaq dilə doğru irəliləmək. Arzu edirəm ki, bizim nəvələrimiz və onların uşaqları bizim kimi bir-birləriylə rus və ya başqa bir dillə deyil, ortaq türk dili ilə anlaşsınlar”[13].
Əlbəttə, müdrik şair bütün ədəbi əsərlərində, qəzet və jurnallardakı yazılarında bizlər üçün “Əsl türk ziyalısı necə olmalıdır?” sualını cavablandıran bir rəsm çəkdi və sözün sehrli qatları ilə onun hansı xüsusiyyətlərə sahib olduğunu göstərdi... Göstərdi ki, gerçək türk ziyalısı mənsub olduğu xalqı qoruyur, onu kənardan və içəridən gələn və gələ biləcək hər cür təhlükələrdən xəbərdar edir...
Türkiyəli tədqiqatçı Nurullah Çətin Bəxtiyar Vahabzadəni “Yalnız Azərbaycan türklərinin deyil, bütün dünya türklərinin də görkəmli ziyalısı, türkün milli vicdanı” sayır, bu azadlıq mücahidinin şeir və yazıları, çıxışları, elmi və siyasi fəaliyyəti ilə türk millətinin maddi və mənəvi dəyərlərinin imperialist hücumlara qarşı qorunması üçün böyük bir səy göstərdiyini yazır.
Əlbəttə, bütün bu özəlliklərə sahib olduğuna və xalqının qəlbində əbədi taxt qurduğuna görə, Bəxtiyar Vahabzadə bəxtiyar şair ömrü yaşadı, deyə bilərik, amma nə yazıq ki, xoşbəxt ölkənin mutlu vətəndaşı olmaq sevincini son nəfəsinədək duya bilmədi. Çünki 84 yaşlı ixtiyar şair dünyadan köçünü çəkəndə hələ də Qarabağ torpaqları erməni qəsbkarlarının işğalı altında idi!.. Amma bu gün onun qutsal ruhu şaddır və azad Qarabağın buludsuz səmasında pərvaz etməkdədir…
[1]Bahtiyar Vahabzade. Yücelikte Tenhalık. (Türkiye Türkcesine Aktaranlar: Fatih Ordu, Seriyye Ağayeva, Melahet İbrahimova) Ötüken Neşriyatı. İstanbul: 1998. s.10.
[2] news.milli.az/culture/288521.html; http://www.muallim.edu.az/www.old/arxiv/2010/33/12.htm; http://azkurs.org/reyci-ve-on-sozun-muellifi-eziz-elekberli.html?page=3
[3] https://fgulen.com/az/metbuat/musahibeler/22490-bextiyar-vahabzade-her-gece-xalqim-ucun-dua-edirem
[4] Cəfərov, Nizami. Bəxtiyar Vahabzadə, Bakı:Azərbaycan Nəşriyatı. 1996, s.68.
[5] Şabizadə Vüsal. B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi http://zim.az/sherqinsesi/550-bvahabzad-yaradclnda-ana-dilimizin-mvqeyi.html
[6]Bəxtiyar Vahabzadə. Seçilmiş əsərrleri. İki cilddə. II c., (Poemalar).Bakı: Öndər nəşriyyatı. 2004. s.8.
[7][7]Bkz: Eyni səhifədə
[8] Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri, V cild, Bakı, “Azərbaycan”, 2002, s.539.
[10] Bkz. A.g.e. s.68.
[11] Bəxtiyar Vahabzadə. Dildə təbiilik və gözəllik. “Sənətkar və zaman” kitabı, Bakı: Gənclik, 1976, s.176.
[12] https://www.bao.az/categories_bedii-edebiyyat/subcategories_%C5%9Eeirl%C9%99r/product_9733479735
[13]A.g.e., s.101