Bu həftə Ontario əyaləti ölkənin ən mühüm siyasi tədbirlərindən birinə ev sahibliyi etdi. Kanadanın bütün əyalət və ərazilərinin baş nazirləri Huntsville şəhərində keçirilən Federasiya Şurasının üçgünlük toplantısında bir araya gələrək, ölkənin iqtisadi, ekoloji və siyasi çağırışları ətrafında fikir mübadiləsi apardılar. Görüş, ABŞ-la artan ticarət gərginliyi və prezident Donald Trampın Kanadadan idxal olunan mallara 35 faiz rüsum tətbiq edəcəyi təhdidinin gündəmi zəbt etdiyi bir dövrə təsadüf etdi.
Ontario Baş naziri Dağ Ford bu görüşdə Federasiya Şurasının sədrliyini başa vuraraq, həmkarlarına verdiyi bəyanatda milli birliyə və daxili potensialların səfərbər edilməsinə ehtiyac olduğunu vurğuladı. Onun sözlərinə görə, “bu görüş ABŞ-ın iqtisadi təhdidlərinə birgə cavab vermək və Kanada iqtisadiyyatının gerçək potensialını üzə çıxarmaq üçün fürsətdir.”
Toplantının ilk günündə əyalət liderləri Kanadanın yerli xalqlarını təmsil edən təşkilatlarla – Birinci Millətlər Assambleyası, Metis Milli Şurası və Aborigen Qadınlar Assosiasiyası ilə görüşlər keçirdilər. Bu dialoqların mərkəzində, yerli icmaların razılığı olmadan onların torpaqlarında həyata keçirilən infrastruktur layihələri ilə bağlı narahatlıqlar dayanırdı. Xüsusilə şimal Ontario-da yerləşən və əhəmiyyətli təbii sərvətlərə malik olan “Ring of Fire” zonasında aparılan qazıntı layihələri yerli liderlərin ciddi narazılığına səbəb olmuşdur.
Federal baş nazir Mark Karni çərşənbə axşamı toplantıya qatılaraq ABŞ ilə aparılan ticarət danışıqlarının gedişatı haqqında hesabat təqdim etdi. Son günlər yüzlərlə yerli qəbilə rəhbərləri ilə görüşən Karni, milli layihələrin irəliləməsi ilə yanaşı yerli icamaların etimadını da qazanmağa çalışır. Bununla belə, iqtisadi inkişafla tarixi hüquqlar arasında balans tapmaq federal hökumət üçün əsas problemlərdən biri olaraq qalır.
Toplantının digər bir önəmli mövzusu daxili ticarət münasibətlərinin inkişafı idi. Dağ Ford, Alberta baş naziri Daniell Smit və Nova Skotiya baş naziri Tim Houston daxil olmaqla bir sıra əyalət rəhbərləri, əyalətlərarası ticarət maneələrinin aradan qaldırılması və milli bazarın gücləndirilməsi üçün daha sıx əməkdaşlığın vacibliyini vurğuladılar. Ontario hökuməti bu istiqamətdə digər əyalətlərlə yeni anlaşma memorandumları imzalayıb, o cümlədən yeni boru kəmərlərinin və nəqliyyat yollarının tikintisini öyrənmək məqsədilə.
Görüş zamanı səhiyyə, enerji və ictimai təhlükəsizlik sahələrinin əsas tərəfdaşları ilə əlavə görüşlər də keçirildi. Girov qanunvericiliyinin islahatı, təbii fəlakətlərə hazırlıq – xüsusilə meşə yanğınları – və həyati infrastrukturun təhlükəsizliyi müzakirə olunan mövzulardan idi. Bir hökumət mənbəsinin bildirdiyinə görə, builki toplantı əsasən ABŞ-ın ticarət təhdidlərinə qarşı birgə strategiyalar müəyyənləşdirmək məqsədinə xidmət edirdi.
Toplantı başa çatdıqdan sonra Federasiya Şurasının sədrliyi başqa bir əyalətə təhvil verildi. Lakin siyasi təhlilçilər Dağ Fordun – ölkənin ən böyük əyalətinin baş naziri və federal hökumətlə yaxın əlaqələri olan bir şəxs olaraq – milli proseslərdə fəal rol oynamağa davam edəcəyini bildirirlər. Onun ABŞ mediasında aktiv iştirakı və Kanada iqtisadi maraqlarını müdafiə etməsi ona “Kapitan Kanada” ləqəbini qazandırıb – görünür, bu ləqəb ölkə siyasətində hələ də ona ciddi nüfuz qazandırır.
Jafar Khosravani Manesh
( LJI Reporter)