“Azerbaijan Post”un budəfəki müsahibi Kanadada yaşayan tanınmış Azərbaycanlı Türk musiqiçi, Əməkdar artist Həsən Enamidir.
Xatırladaq ki, Həsən Enami 1967-ci ildə Təbriz şəhərində doğulub. 1994-cü ildə Bakıya gələrək Bakı Musiqi Akademiyasına qəbul olunub. İstedadlı ifaçı həmin dövrdə müxtəlif müsabiqələrdə fərqlənib, vokalçıların respublika müsabiqəsində birinci yerə layiq görülüb, “ən yaxşı tenor səs” nominasiyasında qalib olub. 1997-ci ildən Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışan Həsən Enaminin mədəniyyət sahəsindəki xidmətləri yüksək dəyərləndirilib, 2002-ci ildə Əməkdar artist adına layiq görülüb. O, dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edib. Artıq uzun illərdir ki, Kanadada yaşayır.
Həsən Enaminin qəzetimizə verdiyi müsahibəni təqdim edirik:
-Artıq neçə ildir ki, Kanadada yaşayırsız? Niyə məhz Kanadanı seçdiniz? Bu ölkədəki fəaliyyətiniz haqqında danışmağınızı istərdik.
-Kanadaya gəlişimin səbəbi var. Hələ gənc yaşlarımdan çox
istəyirdim ki, müxtəlif ölkələrə gedim, dünyanı gəzim. Bu istəyimi yerinə yetirib, bir çox ölkələrdə olmuşam.
Əvvəlcə Təbrizdən Bakıya getdim, orada təhsil aldım, ailə həyatı qurdum, övladlarım orada dünyaya gəldi. Bundan sonra daha böyük ölkəyə getmək arzusuna düşdüm. Əslində sənətimə görə Avropaya getmək daha uyğun olardı, lakin həmin dövrlərdə Avropaya getmək bir qədər çətin idi. Belə ki, Avropa ona pənah gətirənləri çətinliklə qəbul edirdi. Bu baxımdan Kanada daha uyğun seçim oldu və beləliklə, ailəmlə birgə bu ölkəyə köçdük.
Kanada isə məlum olduğu kimi böyük ölkədir. Toronto şəhəri isə geniş biznes və iş yeri məkanıdır. Doğrudur, incəsənət, mədəniyyət festivalları keçirilir, lakin Avropaya nisbətən bu cür tədbirlər təəssüf ki, azdır. Buna baxmayaraq mən öz sənət fəaliyyətimi davam etdirirəm. Konsertlər keçirir, Azərbaycan musiqisini təbliğ etməyə çalışıram.
Həmçinin pedaqoq kimi fəaliyyət göstərirəm. Bundan başqa müxtəlif dillərdə ifa edən beynəlxalq xor qrupu yaratmışam, bu müddət ərzində qrupla xeyli konsertlər vermişim. Xanımım da peşəkar pianoçudur və Torontoda konsertmeystr kimi çalışır.
Ümumiyyətlə, Kanada elə bir ölkədir ki, özün öz ayağın üzərində dayanmağı bacarmalısan. Məsələn, mən Bakıda Opera və Balet Teatrında solist kimi çalışırdım, rəsmi iş yerim var idi. Amma Kanadada musiqiçi kimi hansısa universitetdə pedaqoq, professor kimi çalışanda rəsmi iş kimi hesablanır. Doğrudur, dövlət tərəfindən bəzi dəstəklər olur, amma bu həmişə olmur. Buna baxmayaraq, əlimizdən gələni etməyə çalışırıq və deyərdim ki, bu vaxta qədər bir çox
uğurlarımız olub.
-Kanadada güneyli-quzeyli Azərbaycan musiqisi nə qədər təbliğ olunur, tanıdılır?
-Qeyd etdiyim kimi, Toronto böyük biznes şəhəridir. Təəssüf ki, burada peşəkar musiqiçilər çox azdır. Buna baxmayaraq, Azərbaycan musiqisi sahəsində fəaliyyət göstərən qruplar var. Onlar kifayət qədər peşəkar olmasalar da, Azərbaycan musiqisini çox sevirlər və əllərindən gələni etməyə çalışırlar. Hətta müxtəlif illərdə Azərbaycandan tanınmış sənətkarları dəvət edib, konsertlər təşkil ediblər. Buna görə həmin insanlara təşəkkür düşür.
İndi isə vəziyyət bir qədər dəyişib. Xüsusilə də koronavirus pandemiyasından sonra bahalaşma baş verdi, xeyli çətinliklər yarandı. Ona görə də hələ ki, bu iş bir qədər dayandırılıb. Amma konsertlər təşkil olunur, Azərbaycanın bayram və xüsusi günlərində Azərbaycan musiqi səsləndirilir. Hətta bu cür konsertlərə
əcnəbilər də maraq göstərir, konsertlərə gəlir, Azərbaycan musiqisini sevə-sevə dinləyirlər.
Son vaxtlar Azərbaycan diasporu xeyli fəallaşıb və Azərbaycan musiqisinin təbliği ilə bağlı müxtəlif mədəni tədbirlər, konsertlər keçirir. Bu baxımdan Kanadada Azərbaycan musiqisinin təbliğində diasporun mühüm rolu var. Hesab edirəm ki, diasporun dəstəyi ilə gələcəkdə daha böyük konsertlər təşkil edə bilərik və bununla da Azərbaycan mədəniyyətini, musiqisini daha çox təbliğ və təqdim etmiş olarıq.
-Hazırda Azərbaycan diasporu, lobbisi nə qədər inkişaf edə bilib? Yad ölkədə yaşamağın çətinlikləri və komfortu nədən ibarətdir?
-Bir az öncə də qeyd etdim, Azərbaycan diasporu son 1-2 ildə xeyli fəallaşıb. Hətta burada “Azərbaycan Evi” açılıb və bu qurum kifayət qədər çox işlər görür, tədbirlər həyata keçirir. Müxtəlif çətinliklərə, fərqli düşüncə tərzlərinə baxmayaraq insanlar “Azərbaycan Evi”nin ətrafında toplaşır, birləşir. Beləliklə, diasporumuz getdikcə xeyli güclənir və inanıram ki, gələcəkdə daha böyük işlər görə biləcəyik.
O ki qaldı Kanadada yaşamağın çətinliklərinə, əlbəttə, istənilən yad ölkədə yaşamağın çətinlikləri var. Kanada da bu məsələdən geri qalmır. Ola bilər ki, Kanada kənardan başqa cür təəssürat yaradır, sanki hər şeyi rahat şəkildə əldə etmək mümkündür. Amma xeyr, bu ölkəyə gəlmisənsə və daimi yaşamaq, nəsə əldə etmək istəyirsənsə daim işləməli, çalışmalısan. Bu bir qanundur. Məsələn, bir az öncə bildirdim ki, 10 il əvvəl beynəlxalq bir xor yaratmışam, bu qrupla müxtəlif konsertlər təşkil edirik. Amma bir tək musiqi sənəti ilə yaşamaq mümkün deyil. Mütləq başqa sahə üzrə də çalışıb, gəlir əldə etmək məcburiyyətindəsən.
Bütün bunların fonunda Kanada ölkəsinin bir çox müsbət tərəfləri də var.
-İllər öncə Bakıda musiqi təhsili alıb, bir müddət orada fəaliyyət göstərmisiz. Bakının sizi həyatınızdakı rolu, təsiri nədən ibarətdir? Sonuncu dəfə bu şəhəri nə zaman ziyarət etmisiz? Təəssüratlarınız necədir?
-Bakı mənim həyatımda çox böyük rol oynayıb. Bu şəhərə 27 yaşımda gəlmişdim. Ondan əvvəl isə Təbrizdə yaşayırdım. İranda inqilab baş verəndə 12 yaşım var idi. İnqilabdan sonra isə İranda musiqi təhsili almaq qadağan olunmuşdu, yəni icazə verilmirdi. Yalnız 7-8 ildən sonra bu qadağa aradan qaldırıldı, musiqi
məktəblərinin açılmasına icazə verildi. Əlbəttə ki, bu, xüsusi məktəblər idi və bizlər də həmin məktəblərə gedib, təhsil alan ilk adamlar idik.
Musiqi təhsili alarkən hiss etdim ki, səsim var və biz bir qrup yaratdıq. Təmənnasız olaraq toylara, el şənliklərinə gedib, Azərbaycan musiqisini ifa edir, onu təbliğ etməyə çalışırdıq. İllər keçdikcə anladım ki, bu sahədə daha çox bilgilər əldə etməliyəm və bunun da bir yolu var idi - Bakıya gedib, orada təhsil almaq.
Beləliklə, 1994-cü ildə Bakıya gəldim, 27 yaşımda konservatoriyaya daxil oldum. Konservatoriyaya daxil olmağımda, orada təhsil almağımda Xalq artisti,
konservatoriyanın rektoru Fərhad Bədəlbəylinin çox böyük rolu olub. Belə ki, imtahan zamanı ifamı eşitdi və dedi ki, “sənə hər cür köməklik edəcəm”. Fərhad Bədəlbəyli dediyinin üstündə durdu və mənə köməklik etdi. Xatırlayıram ki, həmin dövrdə xarici tələbələr illik 1000 dollar ödəniş etməli idi. Amma Fərhad Bədəlbəyli məktub yazdı və mən konservatoriyada xarici deyil, azərbaycanlı tələbə kimi təhsil aldım. Yəni, həmin ödəniş pulunu mənə bağışladılar və bu mənim həyatımda mühüm rol oynadı. Çünki mənim, ailəmin həmin ödənişi etməyə imkanı yox idi, amma təhsil almaq istəyirdim, Fərhad müəllim isə bu böyük arzumu reallaşdırmış oldu. Buna görə hər zaman Fərhad Bədəlbəyliyə minnətdaram.
Həmçinin konservatoriyada təhsil alarkən mərhum müəllimim Ağakərim Kərimov məni Opera və Balet Teatrına apardı və ikinci kursdan orada solist kimi işləməyə başladım. Konservatoriyanı bitirdikdən sonra vokalçıların respublika müsabiqəsində birinci yerə layiq görüldüm, Bülbül adına Birinci Beynəlxalq müsabiqədə
laureat oldum, “ən yaxşı tenor səs” nominasiyasında qalib gəldim.
Həmçinin 1998-ci ildə isə Çaykovski adına Beynəlxalq Müsabiqədə diploma layiq görüldüm. Bakıda olduğum müddətdə müxtəlif orkestrlərlə konsertlərdə çıxış etdim, çox sayda ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, Yaponiyada, Qazaxıstanda, Qırğızıstanda və digər yerlərdə konsert səfərlərində oldum. Həmin dövrdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu idi, onun da qayğısı hər zaman üzərimdə olub.
Mərhum prezident Heydər Əliyev də konsertlərimizə gələr,
konsert sonrası bizimlə görüşər, söhbətləşərdi. Onun rəhbərliyi dövründə, 2002-ci ildə Əməkdar artist adına layiq görülmüşəm. Fikrimcə, Güney
Azərbaycandan yalnız mən bu fəxri ada layiq görülmüşəm və bununla fəxr edirəm. Hətta həmin ildə Prezident təqaüdünə də layiq görülmüşdüm.
Opera və Balet Teatrındakı fəaliyyətimə gəldikdə, demək olar ki, əksər Azərbaycan operalarını ifa etmişəm. Onların arasında “Sevil”, “Şah İsmayıl”, “Koroğlu”, yeni yazılan “İntizar”, “Natəvan” operalarını qeyd edə bilərəm.
Həmçinin uzun illər Azərbaycan Xor Kapellasında çalışmışam. Təbrizdə olanda yuxuma belə girməzdi ki, “Koroğlu” operasını ifa edərəm. Bu mənim ən böyük arzularımdan biri idi və Bakı bu cür arzularımı mənə yetirdi. Buna görə heç vaxt Azərbaycanı, Bakını unutmaram.
Bakıya təxmunən 5-6 il əvvəl səfər etmişdim. Koronavirus pandemiyasındam sonra Bakıya səfər etmək imkanım olmadı. Amma düşünürəm ki, yaxın
vaxtlarda Bakıya gedəcəm.
-Son bir neçə ildir ki, Şuşada məşhur “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir, dünyanın dörd bir yanından tanınmış mədəniyyət və incəsənət xadimləri bu festivala dəvət alır. Bu festivalı izləyirsizmi? Siz də iştirak etmək istərdinizmi?
-Bəli, bu festivalı sevərək izləyirəm və çox şadam ki, 30 ildən sonra Şuşa yenidən Azərbaycana qayıtdı. Bu, böyük, möhtəşəm qələbədir.
Hələ ki, festivala dəvət almamışam, amma çox istəyərdim ki, mən də bu festivalın iştirakçısı olum.
-Kanadada Azərbaycan musiqisi necə qarşılanır, daha çox hansı janra maraq var?
-Əksər ölkələrdə olduğu kimi hazırda Kanadada da rep, pop janrına maraq üstünlük təşkil edir. Amma kanadalılar
Azərbaycan musiqisi səslənəndə onu sevərək dinləyirlər. Yəni, Azərbaycan musiqisinə xeyli maraq var.
-Doğulub, boya-başa çatdığınız qədim Təbriz şəhəri. Bu şəhərlə bağlı xatirələriniz, arzularınız nədən ibarətdir? Görmək istədiyiniz Təbriz necədir?
-Bəli, mən Təbrizdə doğulmuşam, 27 il orada yaşamışam. Uşaqlıq xatirələrim, dostlarım, bütün gözəl anlarım hələ də yaddaşımdadır. Hətta birinci sinfə getməyimi indi də xatırlayıram...
Musiqiçi dostlarımla olan xatirələrim, günlərim mənim ən gözəl anlarımdır. Çox təəssüf ki, uşaqlıq dövrüm İran inqilabının zamanına təsadüf etdi. Əvvəldə qeyd etdiyim kimi, inqilabdan sonra xeyli qadağalar qoyuldu. Amma buna baxmayaraq
Təbrizin mənim qəlbimdə yeri ayrıdır, onu heç zaman unuda bilmərəm. Çoxdan, bəlkə də 15 ildir ki, Təbrizə getmirəm. Bəlkə də görmək istədiyim Təbrizi görmək istəyirəm, ona görə ora getmirəm.
Və çox təəssüf ki, hazırda İranda, Təbrizdə vəziyyət yaxşı deyil. Millət mübarizə aparır, çalışır, amma xoş vəziyyətdə yaşamır. Arzu edirəm ki, bir gün azad şəkildə Təbrizə gedim və görüm ki, hər şey azaddır, millət normal, rahat vəziyyətdə yaşayır, mən də Ərk qalasının altında böyük konsertlər keçirim, millətimizlə görüşüm....
Ərk qalasının kənarında opera-balet salonu var idi, amma inqilabdan sonra oranı söküb, yıxdılar, torpaqla bir etdilər. Arzu edirəm ki, o salonu yenidən tikələr və orada Azərbaycan musiqiləri ifa edim... “
Xalidə Gəray