Sənəm Əbdüləzimzadə: “İranda musiqi təzyiqlərinə baxmayaraq musiqidən əl çəkmədim”

Təbrizli tanınmış gənc ifaçı Sənəm Əbdüləzimzadə “Azerbaijan Post” qəzetinə danışıb. Müsahibəni təqdim edirik:

Sənəm Əbdüləzimzadə: “İranda musiqi təzyiqlərinə baxmayaraq musiqidən əl çəkmədim”

Təbrizli tanınmış gənc ifaçı Sənəm Əbdüləzimzadə “Azerbaijan Post” qəzetinə danışıb. Müsahibəni təqdim edirik:

“-Sənəm xanım, ilk öncə özünüz və yaradıcılığınız haqqında ətraflı məlumat verməyinizi istərdik. Neçə yaşınızdan musiqi 
sənətindəsiniz? 

Musiqi təhsiliniz varmı? Ustadınız kim olub? 
Hazırda yaradıcılığınızı hansı ölkədə davam etdirirsiniz?

-Musiqiyə böyük sevgi bəsləyən bir ailədə dünyaya göz açmışam. Anam TÜRK(Azərbaycan) rəqslərinə, atam isə qarmon, akkordeon və saz kimi musiqi alətlərinə maraq göstərirdi. Bu səbəbdən musiqiyə olan marağım daha uşaqlıq illərimdən başlayıb. 
Valideynlərimin dostları və yaxın çevrəsi musiqiçilər, rəqqaslar və şairlərdən ibarət olduğuna görə mənim musiqi zövqüm də uşaqlıqdan bu mühitin təsiri altında formalaşıb.Babamın çox zəngin musiqi kaset kolleksiyası var idi. 
O kolleksiyadan istifadə edərək caz və Azərbaycan klassik musiqisindən ibarət bir arxiv yaratmışdım. Təəssüf ki, həmin dövrdə dinlədiyim musiqilərin janrlarını və adlarını bilmirdim. Ancaq illər sonra başa düşdüm ki, sən demə, mən uşaqlıqdan caz musiqisini sevirmişəm.

Demək olar ki, musiqinin əsas biliklərini atamdan öyrəndim. Daha sonra liseydə təhsil alarkən musiqiyə olan sevgimə baxmayaraq, İran rejiminin təzyiqlərindən mən də yan keçə bilmədim. Bu səbəbdən riyaziyyat bölümünə daxil oldum. Bununla belə, ara-sıra piano kurslarına da gedirdim. Bir neçə il sonra Təbriz Simfonik Orkestrinin xor bölümünə qatıldım və bir neçə il orada fəaliyyət göstərdim.

İranda şəriət rejimindən sonra ilk dəfə Tehranda qadınlar üçün opera-vokal bölümü açılmışdı. Xatırlayıram ki, həmin dövrdə mənə çoxlu zənglər gəlirdi: “Sən də qoşul, nəhayət ki, arzuladığın bölüm açılıb.” Mən də müraciət etdim və qəbul oldum. Ancaq bu bölüm uzun müddət fəaliyyət göstərə bilmədi və bağlandı. Mən də yenidən riyaziyyat bölümünə qayıtdım və bu dəfə sənaye mühəndisliyi ixtisasına 
yönəldim.

O dövrlər mənim üçün çox ümidsiz bir zaman idi, çünki qəlbimdə musiqi vardı və onu davam etdirmək istəyirdim. Daha sonra 
Qulammirzə Kərimzadə adlı istedadlı caz ifaçısının yaradıcılığını kəşf etdim və təəccüblə gördüm ki, Təbrizdə məndən başqa cazla 
maraqlanan insanlar da var. Qısa bir müddət sonra onlarla birlikdə musiqi fəaliyyətinə başladıq və çox gözəl ifalar ərsəyə gətirdik.

Həmin dövrdə mənə İstanbulda konsert vermək üçün təklif gəldi. Təklifdə mərhum Aftandil İsrafilov kimi sənətkarların da iştirak etdiyini görəndə, tərəddüd etmədən qəbul etdim. Məni pianoda Tehranda olan Əli Birəng müşayiət etdi. Bir neçə ay sonra isə tamamilə Türkiyəyə köçməyə qərar verdim.
Beləliklə, musiqi karyeram İstanbulda davam etdi. Lakin İstanbula gəldikdən sonra təxminən 7 ay depressiv bir ruh halında idim. Daha sonra Sibel Kuseylə tanış oldum. Sibel xanım mənim üzərimdə çox gözəl təəssürat buraxdı. Onun musiqi ilə bağlı fikirləri ifamda böyük təsir yaratdı və mənə ilham verdi.

İstanbulda musiqi həyatım bir müddət sonra istedadlı gənc ifaçı Əli Musəvi ilə qısa müddətli əməkdaşlıqla davam etdi. Ən çox klassik və caz musiqisini, xüsusilə də standart cazı dinləməyi sevirəm.

-Bir müddət əvvəl “Xarıbülbül” festivalında iştirak etmişdiniz. Necə oldu ki, bu festivala dəvət aldınız?
 Festivalla bağlı təəssüratlarınız necədir?

-”Xarıbülbül” festivalında iştirakım haqqında deyə bilərəm ki, bu, mənim Azərbaycana ikinci səfərim idi. İlk dəfə Tural Məmmədlinin konsertində iştirak etmək üçün getmişdim. İkinci səfərim isə “Xarıbülbül” festivalına dəvətlə bağlı oldu. Bu dəvətdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.

Festivaldan aldığım təəssüratlar çox müsbət və unudulmazdır. Orada çox gözəl insanlarla tanış oldum, həmçinin öncədən tanıdığım sənətçiləri yaxından görmək fürsətim oldu. Bundan əlavə, Şuşanın möcüzəvi təbiəti məni valeh etdi.

-Qarşıda yaradıcılığınızla bağlı hansı yeniliklər olacaq? 
Konsert keçirməyi düşünürsünüzmü?

-Əslində, uzun zamandır albom çıxarmaq barədə düşünürəm. Eyni zamanda, albomdakı mahnıları səhnədə canlı ifa edərək dinləyicilərimə təqdim etmək istəyirəm. Düşünürəm ki, bu, hər bir müğənninin ən böyük arzularından biridir.

-Bu il dekabrın 31-də dünyadakı azərbaycanlılar Həmrəylik Gününü qeyd edəcək. Bu gün sizin üçün nə deməkdir? 
Bu günü necə qeyd edirsiniz?

-Ümumiyyətlə, mən heç bir toplumun və ya irqin digərlərindən üstün olduğunu düşünmürəm. Mənim üçün insani dəyərlər hər şeydən önəmlidir. Fikrimcə, insanı digərlərindən fərqləndirən onun mənşəyi və ya irqi deyil, davranışları və xarakteridir. Buna görə də birlik, bərabərlik, sevgi, mərhəmət və hörmət mənim baxışımda ən ali dəyərlərdir. 
Eyni zamanda, həmrəylik də mənim üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Azərbaycan Həmrəylik Gününə dərin hörmətlə yanaşıram”.

Azerbaijan Post
 

Sənəm Əbdüləzimzadə: “İranda musiqi təzyiqlərinə baxmayaraq musiqidən əl çəkmədim”


Leave a Comment