Qərbi Azərbaycanda ilk dəfə yeni “Koroğlu” tamaşası

Əskər Abidi İlqar: “Bu tamaşada Xan Arazın, iki qardaşın ayrılığı da öz əksini tapır...”

Qərbi Azərbaycanda ilk dəfə yeni “Koroğlu” tamaşası

Əskər Abidi İlqar: “Bu tamaşada Xan Arazın, iki qardaşın ayrılığı da öz əksini tapır...”

Qərbi Azərbaycanın Sulduz şəhərində yeni musiqili “Koroğlu” tamaşası səhnəyə qoyulub. Tamaşanın müəllifi və rejissoru Əskər Abidi İlqardır.

Qeyd edək ki, bu tamaşa bir ay öncə Güney Azərbaycanın Urmiya şəhərində keçirilən “36-cı Əyalət Teatr Festivalı”nda 4 mükafata layiq görülüb: qadın roluna, kişi roluna, geyimə və musiqi tərtibatına görə.

Tamaşanın müəllifi Əskər Abidi İlqar bu barədə “Azerbaijan Post”a danışıb:

“Ümumiyyətlə, 17-18 ildir ki, Güney Azərbaycanda ana dilimizdə, məhz türk dilində tamaşalar səhnəyə qoyuruq.

O ki qaldı “Koroğlu” tamaşasına, məlum olduğu kimi, bu vaxta qədər həm Quzey, həm də Güney Azərbaycanda “Koroğlu” dastanı ilə bağlı müxtəlif opera və tamaşalar hazırlanıb, səhnələşdirilib. Ancaq müəllifi olduğum tamaşada bir sıra fərqliliklər, yeniliklər var. Yəni, əsəri fərqli baxışla işləyərək yazmışam.

Əskər Abidi İlqar tamaşadakı fərqlilikləri belə izah edir:

“Adətən təqdim olunan “Koroğlu” dastanlarında Koroğlunun Osmanlı qoşununu təkbaşına məğlub edib Nigarı götürməsi təsvir olunur. Mən bu hissəni tam fərqli işləmişəm. Tamaşada Koroğlu Nigarı gətirməyə gedir, lakin Osmanlı qoşununu qırıb dağıtmır. Əsərdə Koroğlunun Araz çayını keçməsi, iki qardaşın ayrılığına işarə edən səhnələr yer alır. Bu zaman “Araz, Araz, Xan Araz” mahnısı səslənir.

Bundan başqa, tamaşada Səməd Behrəngidən bəhs olunur, qədim dədə-baba adətlərimiz və ənənələrimiz vurğulanır. Koroğlu Osmanlı qoşununu qırmır, əksinə, qadının, anaların ənənələrimizdəki dəyərini göstərməyə çalışır. O zaman Koroğlunun dəliləri ilə Osmanlı qoşunu savaşmağa hazırlaşanda bir ağbirçək ana başından yaylığını açıb ortaya atır və deyir: “İki qardaş, iki türk savaşmamalıdır.” Bu səhnədə savaş dayanır. Bu, qadının, ananın sülh yaradan dəyərini göstərir. Ənənələrimizdə belə hallar olub: qadın başından yaylığını açıb ortaya atanda qan davaları, savaşlar dayanardı.

Tamaşanın başqa bir hissəsində Koroğlu Nigara deyir ki, “Tanrıdan elə bir uşaq istəyirəm ki, zalımın zülmü qarşısında susmasın və məzlumun haqqını müdafiə etsin. Belə bir uşaq böyütsəm, ölməmişəm deməkdir.” Nigar isə soruşur: “Oğlan, yoxsa qız istəyirsən?” Koroğlu cavab verir ki, “Oğlan və ya qız olmasının fərqi yoxdur. Onun böyüməsi, düşüncəsi önəmlidir.” Burada Zeynəb Paşa, Həcər ana, Dağlar Qızı Reyhan və digər qəhrəman qadınlarımızdan bəhs edilir. Beləliklə, əsərdə qadının cəmiyyətdəki dəyəri xüsusi vurğulanır.

Bundan əlavə, tamaşada Novruz bayramı adətlərinə, xüsusən də Su çərşənbəsinə toxunulur. Tamaşa əvvəldən bir rəvayətçi tərəfindən nəql edilir. Əsərdə Azərbaycan rəqsləri də yer alır.
Tamaşada Koroğlu rolunu aşıq Əsgər Saed, Nigar rolunu Mujqan Ahenin Pəncə, rəvahətçi Muhan Abidi, dəyirmançı rolunu isə Bəhruz Nozad oynayır".

Əskər Abidi İlqar sonda qeyd edir:

 “Əminliklə deyə bilərəm ki, bu “Koroğlu” tamaşası digər əsər və tamaşalardan xeyli fərqlənir.”

"Azerbaijan Post"
 

Qərbi Azərbaycanda ilk dəfə yeni “Koroğlu” tamaşası


Leave a Comment