Azərbaycan Zəfərinin 3 illiyini qeyd edir

Azərbaycan Zəfərinin 3 illiyini qeyd edir

Azərbaycan Zəfərinin 3 illiyini qeyd edir

Dünya hərb tarixinə düşmüş ən unikal hərbi əməliyyatlardan biri - əfsanəvi Şuşa döyüşləri; Hərbi ekspertlər heyrətdə: "Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanın azad edilməsi əfsanəyə bənzər reallıqdır!"

Noyabrın 8-də Azərbaycan Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümünü - Zəfər Gününü qeyd edir.

Xatırladaq ki, Zəfər Günü Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan qurtarmaq, Ermənistanın sülhə məcbur etməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik geri alınıb.

Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər və Azərbaycan Ordusu Şuşaya daxil oldu. 

Şuşanın işğaldan azad edilməsi hərb tarixində ən mükəmməl taktiki döyüşdür. 
Hərbi ekspertlər belə heyrətini gizlədə bilmir, "Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanın azad edilməsi əfsanəyə bənzər reallıqdır" deyirlər. 

Beləliklə, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi.  Xüsusilə alınmaz qala olan və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi isə hələ də nəin ki, erməniləri, hətta dünyanın  hərbi ekspertlərini belə heyrətləndirir.

Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: 

"Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşada Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər. 

Rusiya mediası bu haqda yazırdı: "Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar... "

Fransanın "Le Monde" nəşri Şuşa uğrunda döyüşlərdə erməni qüvvələrinin darmadağın olduğunu yazmışdı.

Ukraynalı hərbi ekspert  Aleksey Arestoviç isə qeyd edirdi: "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhəri geri aldılar".

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Azərbaycan Ordusunun həyata keçirdiyi Şuşanın azadedilmə əməliyyatından şok keçirdiyini etiraf edib. O, erməni mətbuatına müsahibəsində bunun necə baş verdiyini hələ də anlamadığını deyib: "Hələ də  başa düsə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz - tüfəngsiz necə ələ keçirdi? Cəbrayıldan piyada daxil olub Hadrutdan çıxdılar, oradan Füzuliyə  keçdilər, Füzulidən bütün Əsgəranın alt bölgəsini və ətraf kəndləri ələ keçirdilər. Bir an belə dayanmadılar və heç yerdə müqavimət göstərə bilmədik. Şuşaya daxil olmaları isə möcüzə  kimidir. Nə biz, nə də hərbi ekspertlərimiz bunun necə baş verdiyini hələ də anlaya bilmirlər".

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçü də döyüş xatirələrində Azərbaycan Ordusunun möcüzəvi döyüşlərindən xatirələrini yazıb. O, qeyd edirdi: "Ən böyük qorxularımız dron və PUA - lar idi. PUA - nın səsini eşitdinsə artıq ölmüsən. Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan və nə etsən də, hara qaçsan da ölümdən qurtuluşun yoxdur. Onlar ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimi idi. 3 - 4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20 - 30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.

Bir az real çıxmasa da, bəzən düşünürdük ki, onlar ümumiyyətlə, insan deyillər. Bəlkə də ya zombi, ya da robot idilər. Üstümüzə gələndə avtomatla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5 - 6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləq idi. Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar. Şuşa döyüşləri daha dəhşətli idi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləri ilə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbəttəki yox. Bunu ancaq zombilər edə bilər. Deyirlər ki, Qarabağı azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər ya zabit bir daha Qarabağda döyüşmək istəməz".

Hətta NATO generalları da etiraf edirlər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Ermənilərin əsas hərbi qüvvəsi Şuşada idi və Azərbaycan Ordusu kiçik bir qüvvə ilə 6-7 min erməni hərbçisini tərksilah edib hərb tarixinə düşəsi hadisə yaratdılar.

Beləliklə, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın noyabrın 8-də azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

10 noyabr bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Dekabrın 3-də isə Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 8-i, Şuşanın azad edilməsi günü Zəfər Günü kimi qeyd edilir.
 

Azərbaycan Zəfərinin 3 illiyini qeyd edir


Leave a Comment