Azərbaycan və İran birgə Xudafərin körpülərini bərpa edə bilər

Azərbaycan və İran birgə Xudafərin körpülərini  bərpa edə bilər

İranın mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amiri COP29 tədbiri ilə bağlı Bakıya səfər edib. Səfər çərçivəsində iranlı nazir Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbiri ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Adil Kərimli Azərbaycanın mədəniyyət sahəsində zəngin təcrübəsi olduğunu vurğulayaraq, kitabxana, muzey və kinematoqrafiya kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. O, eyni zamanda ənənəvi musiqi festivallarında qarşılıqlı iştirakın və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcəyini deyib.

Səid Reza Salehi Amiri Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, mədəni irsin qorunması sahəsində tərəfdaşlıq və təcrübə mübadiləsinin vacibliyinə toxunub. Xüsusilə Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpası üçün əməkdaşlıq imkanlarının araşdırılmasının mümkün olduğunu qeyd edib. Bu açıqlama Azərbaycanın cənubunda, Araz çayı üzərində yerləşən, tarixi və memarlıq baxımından unikal abidələr olan Xudafərin körpülərinin bərpası məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, iki hissədən ibarət olan 
Xudafərin körpüləri Azərbaycan xalqının zəngin mədəni irsinin göstəricisidir:

1. On bir tağlı körpü – 11-ci əsrdə tikildiyi güman edilir və orta əsrlərdə ticarət yollarının əsas keçid məntəqələrindən biri olub.

2. On beş tağlı körpü – Daha qədim dövrlərə aid olan bu körpü də həm ticarət, həm də insanlar arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb.

Bu körpülər həm də Azərbaycanın bütöv dövründə tikilən tarixi abidələrdir və ölkənin memarlıq ənənələrinin inkişafında mühüm yer tutur.

Uzun illər baxımsız qalan Xudafərin körpüləri təbii amillərin və insan müdaxiləsinin təsirindən ciddi zərər görüb. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bu ərazilərə yetərli diqqət göstərilməyib, lakin Azərbaycanın Qarabağ zəfərindən sonra bu mədəni irs nümunələri üzərində nəzarət bərpa edilib.

Körpülərin bərpası təkcə tarixi-mədəni irsin qorunması baxımından deyil, həm də iqtisadi və turizm potensialı üçün əhəmiyyətlidir. Bu abidələr həm Azərbaycanın, həm də İranın turizm marşrutlarında mühüm yerlərdən birinə çevrilə bilər.

Belə ki, Azərbaycan və İran arasındakı turizm əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. İrandan Azərbaycana gələn turistlər, xüsusilə pandemiyadan əvvəl, böyük bir qrup təşkil edirdi. Eyni zamanda azərbaycanlıların da tibbi və dini turizm məqsədilə İrana səfərləri geniş yayılıb. Bu mənada, Xudafərin körpülərinin bərpası bu sahədə yeni imkanlar aça bilər. Yəni, körpülər tarixi turizm marşrutlarına daxil edilə bilər.

Həmçinin, körpülərdən nəqliyyat və ticarət yolları kimi istifadə olunması mümkündür. İki ölkə arasında mədəni layihələrin də həyata keçirilməsinə stimul verə bilər.

Beləliklə, Xudafərin körpüləri Azərbaycan-İran münasibətlərinin inkişafında həm tarixi, həm də strateji rol oynaya bilər. Körpülərin birgə bərpası, yalnız mədəni əməkdaşlığı deyil, həm də siyasi münasibətləri daha da yaxşılaşdırmaq üçün bir addım ola bilər. Azərbaycanla İran arasında əlaqələrin inkişafı hər iki xalqın maraqlarına uyğundur.

Körpülərin bərpasının nə zaman həyata keçiriləcəyi, əsasən, aparılacaq danışıqların nəticələrindən asılıdır. Ümid edilir ki, bu danışıqlar yaxın zamanlarda baş tutacaq.
 

Azərbaycan və İran birgə Xudafərin körpülərini bərpa edə bilər


Leave a Comment