Orta Türk Dili Əlifbası yaradıldı, Ortaq Türk Dili də olacaqmı?

Orta Türk Dili Əlifbası yaradıldı, Ortaq Türk Dili də olacaqmı?

Sentyabrın 11-də Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının qərarı ilə Ortaq Türk Dili Əlifbası yaradılıb. 
Ortaq Türk əlifbası 34 hərfdən ibarət olacaq.
Qeyd edək ki, komissiya bir müddət idi ki, bu əlifba üzərində çalışır, müzakirələr aparırdı. 

Bəs türk dövlətləri ortaq Türk əlifbasından necə istifadə edəcək?

Məlum olduğu kimi ortaq Türk əlifbası latın əsasda yaradılıb. Bunun da əsas səbəblərindən biri budur ki, latın əsaslı Türk əlifbasına keçid dövrün reallığıdır. Türk xalqları dövlət müstəqilliyi qazanan ilk günlərdən bu istiqamətdə işlər gedir. Müstəqil dövləti olan Türk xalqlarının çoxu artıq bu əlifbaya keçid edib. Bu prosesə Türk dünyası miqyasında inteqrasiya işi kimi yanaşılır. Bu gedişat isə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən izlənilir. Ortaq türk əlifbasına keçidin başa çatması müstəqil dövlətləri olan türk xalqları miqyasında TDT-nin qarşısına qoyduğu vəzifədir. 

Burada əsas məsələlərdən biri budur ki,  təkcə latın əlifbasına keçməklə iş bitmir, lazımdır ki, həm də Türk xalqlarının əlifbalarındakı səslərlə hərflər bir-birinə uyğun gəlsin. Yəni, bütün Türk dillərində bir səsin, fonemin bir işarəsi olsun.

Qeyd etdiyimiz kimi qəbul olunmuş ortaq Türk əlifbasında 34 hərf var. Bu 34 hərf heç də bütün Türk dillərində yoxdur. Amma hansı Türk dili olur-olsun, öz işarələrini səslərinə uyğun olaraq məhz həmin ortaq əlifba bazasından almalıdır. Yəni, başqa bir yerdən götürülməməlidir ki, eyniyyət təşkil etsin. 

Məsələn, indi özbəklər “ç” əvəzinə “ch”, “ş” əvəzinə “sh” birləşməsini işlədir. Amma lazımdır ki, hər bir Türk xalqı öz dilində məhz həmin əlifbada, həmin işarələrlə yazsın. 

Və yaxud, “x” səsi Türkiyə türkcəsində yoxdur, amma başqa dillərdə var. Ona görə də, ortaq türk əlifbasına daxil edilib. Amma Türkiyə Türkləri həmin səsdən istifadə etməyəcəklər. Onlar düşünürlər ki, bu səsdən istifadə etmələri heç bir xüsusi əhəmiyyət kəsb etməyəcək, əlifbanı yükləmək lazım deyil.

Həmçinin, Türkiyə türkcəsində “ə” səsi var. Amma onlar “ə” tələffüzünü “e”nin çaları kimi qəbul ediblər. Amma azərbaycanlıların əlifbasında “ə” hərfi var. Bu baxımdan ortaq türk əlifbasında “ə”  hərfi də daxil edilib.

"Ə" səsi və hərfi türkmən, özbək, qırğızlarda yoxdur, amma qazaxlarda var. Yəni,  bir səs və onu işarə edən bir hərf hər hansı bir Türk dilində varsa, o, ortaq əlifbaya düşəcək. 
Amma həmin hərfin ortaq əlifbaya düşməsi heç də onun bütün Türk dilləri üçün məcburi olması demək deyil. Məsələn, həmin əlifbada elə səslər var ki, onlar Azərbaycan türkcəsində yoxdur, başqalarında var. Buna misal olaraq, “sağır nun” səsinin işarəsini qeyd etmək olar. Bu hərf vaxtilə Azərbaycan əlifbasında olub, lakin sonralar tamamilə çıxarılıb. 

Ortaq Türk əlifbasında hərflərin 
qarşısında kiril qarşılığı da yazılıb ki, bu da bəzilərində suallar yaradıb. Mütəxəssislər bunun səbəbini bu cür izah ediblər ki, kiril əlifbası vaxtilə, Sovet İttifaqının tabeliyində yaşayan Türk xalqları üçün sonuncu əlifba olub. Onlar uzun müddət bu əlifbadan istifadə etdiklərinə görə, səslərin qarşılığı kimi beyinlərində kiril əlifbasının işarələri var. Odur ki, həmin xalqlara izah etmək üçün bu vasitədən istifadə edilib. 

Beləliklə, bu işlə məşğul olan mütəxəssislər bildirir ki, ortaq Türk əlifbası əksər Türk dövlətlərinin əlifbası ilə uzlaşdığından ciddi dəyişikliklər olmayacaq. Belə ki, artıq Türkiyədə, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda bu əlifba öyrədilir, tədris olunur. Beynəlxalq Türk Akademiyasının, Türk Dil Qurumunun rəhbərliyi ilə hazırlanmış ortaq əlifba TDT-nin katibliyində nəzərdən keçiriləcək və hansı Türk dövlətinin əlifbasında ortaq Türk əlifbası ilə xırda fərq varsa, həmən fərq aradan qaldırılacaq, hər bir Türk dövləti bu ümumtürk əlifba bazasına istinad edərək öz əlifbasını təsdiq edəcək. İndi əsas gözlənti ondan ibarətdir ki, Türk xalqları olan qazaxlar, qırğızlar da latın əlifbasına keçid etsinlər.

Mövzu ilə bağlı professor, şair və yazıçı Əli Daşqın "Azerbaijan Post"a özəl olaraq danışıb. Əli Daşqın qeyd edir ki, Ortaq Türk Əlifbası məsələsi yeni deyil, uzun illərdən bəri Türk yazıçıları 
və alimləri tərəfindən irəli sürülən məsələdir:

"Dəfələrlə bu barədə müxtəlif dövr və yerlərdə işlər görülmüş, lakin sonra  unudulmuşdur.

Vaxtilə Ortaq Türk Əlifbası ilə məşğul olanlardan biri də mən olmuşam. 1993-cü ildə bu barədə öz fikir və
düşüncələrimi Azərbaycan və Türkiyə dil qurumuna bildirmişəm. 
Hesab edirəm ki, bu məsələ doğru və yetərincə  yoluna qoyularsa, hər bir
Türk dövlət və xalqlarına yararlı olardı".

Əli Daşqının sözlərinə görə İranda yazıçı və alimlər latın əlifbası ilə yaza bilmədikləri üçün ərəb əlifbası ilə yazmaq məcburiyyətindədirlər:

"Ərəb-fars əlifbasında “ı”, “ö”, “ü” hərflərini göstərmək için bir sıra təkliflər verilib və bu gün hər kəs onları qorumaqla yazır, amma hesab edirəm ki, bu da türkcəni ödəməyəcək".

"İranda da çap kitab və məqalələr ortaq latın əlifbası ilə çap oluna bilərmi, mümkündürmü?" sualına isə Əli Daşqın bu cür cavab verib:

"Hesab edirəm ki, hazırda buna imkan yoxdur, bütün kitablar və məqalələr ərəb əlifbası ilə yazılır, dərc edilir. Bunun üçün zamana ehtiyac var".
 

Orta Türk Dili Əlifbası yaradıldı, Ortaq Türk Dili də olacaqmı?


Leave a Comment