Dekabrın 18-də Kanadanın Toronto şəhərində Türkiyənin İstiqlal Marşının müəllifi, böyük şair və fikir adamı Mehmet Akif Ersoyun anım həftəsi çərçivəsində "41 Misra - 41 Çizgi" sərgisinin təntənəli açılışı keçirilib.
Sərgi məşhur türk rəssamı Hasan Aycın tərəfindən hazırlanmış və İstiqlal Marşının hər bir misrasını ayrı-ayrılıqda təsvir edən 41 sənət əsərindən ibarətdir. Hər bir əsər, İstiqlal Marşının ruhunu və Mehmet Akif Ersoyun azadlıq, vətənpərvərlik və iman ideallarını vizual şəkildə əks etdirir. Bu sərgi təkcə sənət baxımından deyil, həm də dərin mənəvi və tarixi məzmunu ilə diqqət çəkir.
"Azerbaijan Post" xəbər verir ki, Torontodakı Yunus Əmrə İnstitutunda keçirilən tədbirin açılışında bir sıra tanınmış şəxslər iştirak ediblər. Açılışda institutun rəhbəri Bülent Üçpunar, Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, konsulluq əməkdaşları, müxtəlif ictimai təşkilatların nümayəndələri, sənətsevərlər və yerli ictimaiyyət iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, sərgi, böyük şairin ideallarını gələcək nəsillərə çatdırmaq və onun İstiqlal Marşında ifadə etdiyi mənəvi gücü daha yaxşı anlamaq üçün əvəzsiz bir fürsətdir. Həmçinin sərginin həm Kanadadakı türklər, həm də müxtəlif millətlərin nümayəndələri üçün mühüm bir mədəniyyət və təbliğat körpüsü olduğunu vurğulanıb.
Sərginin təşkilində əməyi keçənlərə təşəkkür edən iştirakçılar vurğulayıblar ki, bu cür tədbirlər Türkiyənin milli-mənəvi dəyərlərinin daha geniş coğrafiyalarda tanınmasına xidmət edir. Tədbirin sonunda iştirakçılar əsərləri diqqətlə izləyərək Mehmet Akif Ersoyun dərin düşüncələrini və sənət əsərlərinin təsvir etdiyi mənəvi məqamları daha yaxından dəyərləndiriblər.
Sərgi, Kanadada yaşayan türk icması və sənətsevərlər üçün xüsusi maraq doğurub.
Onu da qeyd edək ki, sərgi dekabrın 27-dək ziyarətçilərin üzünə açıq olacaq.
Azerbaijan Post