Xatırladaq ki, sentyabrın 29-30-da Türkiyənin İzmir şəhərində Güney Azərbaycan mədəniyyətinə həsr olunan böyük festival keçirilib. "Güney Azərbaycan kültür və sənət" adlı iki günlük festival "Güney Azərbaycan Kültür Mərkəzi" təşəbbüsü və Barama Radyonun işbirliği ilə təşkil olunub. Festivalın ilk günündə Güney Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, mübariz ruhlu şair Bulud Qaraçorlu Səhəndin xatirəsinə həsr olunub.
İzmirin Konak bələdiyyəsininin "Nazim Hikmət kültür mərkəzi"ndə keçirilən tədbir 3 hissədən ibarət olub.
Birinci hissə Urmiya və Urmiya gölünün qurudulması haqda "Barama Radio"nun hazırladığı 12:15 dəqiqəlik sənədli film ilə başlayıb. Daha sonra "Güney Azərbaycan Kültür Mərkəzi"nin rəhbər köməkçisi Məsud Haray, Urmiyadan gələn araşdırmaçı və şair İsmayıl Ülkər çıxış edib.
İkinci hissə unudulmazlar siyahsında olan mədəniyyət xadimləri - professor Məhəmmədtağı Zehtabi, Əli Təbrizli, Həbib Sahir, Həsən Dəmirçinin həyat və fəaliyyətləri haqda qısa videolar təqdim edilib, onların Güney azərbaycanlıların milli şüurunun inkişafında buraxdığı təsirlər haqda söz açılıb. Həmçinin Güney Azərbaycandan olan bir neçə fəal və sənətkara onur bəlgələri və plaketlər təqdim olunub. Daha sonra dünya şöhrətli sulduzlu ozan Araz Elsəs ömrü boyunca Güney azərbaycanlılarda vətənsevərlik, türkçülük və milli ruhun inkişafı üçün yaratdığı əsərlər, gördüyü işlər üçün "Milli Sənətçi" mükafatı ilə təltif olunub.
Tədbirin üçüncü - konsert hissəsində tanınmış sənətkar Cavid Təbrizli, Xosrov Hakan Amiri, Fərhad Amiri və Sonay Ruhi, "Güneş Dostluq Ansamblı" və Güney Azərbaycandan olan yeniyetmə sənətçi Elcan Danişvəri musiqi proqramı ilə çıxış edib.
Konsertin sonunda Azərbaycan Marşı səsləndirilib, konsertdə iştirak edən sənətçilərə "Güney Azərbaycan Kültür Mərkəzi"nin təşəkkürnaməsi təqdim olunub.