Qeyd edək ki, Kanadada 28 May bayramı bir həftə boyunca davam edib. Həmin tədbirlərdən biri Kanada parlamentində keçirilib. “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbinin təsisçisi Nigar Əliyevanın birgə təşkilatçılığı ilə qeyd olunan bayram tədbirində Kanada parlamentinin üzvləri Çandra Arya, Yasir Naqvi, Kanada Xarici işlər Nazirliyinin rəsmiləri, Azərbaycan diasporunun, o cümlədən Ottavada fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbi və Qızılbaş Qlobal İrsi Təşkilatının, eləcə də digər icmaların üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
Tanınmış tenor, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnləri səsləndikdən sonra “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Torontodakı Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova çıxış edib. O, qonaqlara və tədbirin ərsəyə gəlməsində xüsusi rola malik olan Kanada parlamentinin deputatı Çandra Aryaya təşəkkürünü bildirib.
Çandra Arya Azərbaycan icmasının Kanadanın ictimai və mədəni həyatındakı fəallığının artdığını və bundan məmnunluğunu ifadə edib. Ötən il Azərbaycanda səfərdə olan Çandra Arya çıxışında diqqəti ölkəmizdə dini tolerantlığın və multikultural dəyərlərin yüksək səviyyədə olduğuna yönəldib. Azərbaycanın Müstəqillik tarixini xatırlayaraq, şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin yaradılmasını və qadınlara verilən hüquqları qeyd edib.
Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Kanada Azərbaycan icmasının təşəbbüsünə dəstək olaraq 28 May - Müstəqillik Günü münasibətilə Kanada parlamentində bayram tədbirinin keçirilməsinə şərait yaradan Çandra Aryaya təşəkkürünü bildirib, müstəqillik tarixinə nəzər salıb və müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq dünyəvi bir dövlət kimi inkişafına, multikuktural dəyərlərə, beynəlxalq hüquqa önəm verməsinə diqqəti yönəldib. S.Abbasova həmçinin Kanadadakı Azərbaycan icmasına xalqımızın bu önəmli tarixini birgə qeyd etdikləri üçün təşəkkür edib.
Tədbirdə Kanada Azərbaycan Evində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında “Dağlar gözəli”, “Ey əziz anam, Azərbaycan” rəqsləri, məktəbin nağara qrupunun rəhbəri Cəmhur Hüseynov və şagirdlərin ifasında Azərbaycan ritmləri, eləcə də Həsən Enaminin ifasında vətənpərvərlik və xalq mahnıları təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən guşə də sərgilənib.
Kanadanın Saskatçevan vilayətinin Saskatun şəhərində də 28 May –
Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
Saskatçevandakı Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Şəhər Şurasının nümayəndəsi Bev Dübua (Bev Dubois), Saskatçevan Filippin-Kanada Assosiasiyasının prezidenti Jenelin Santosa (Jenelyn Santosa), Mərakeşin fəxri konsulu xanım Ednali Fertuk-Zahavi (Ednali Fertuck-Zehavi) və yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının əyalətin mədəni müxtəlifliyinə verdiyi töhfələrə görə soydaşlarımıza minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan və Kanadanın Dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.
Kanadanın Saskatçevan əyalətinin Saskatun şəhər katibi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı bəyannamə imzalayıb. 28 May tarixi Saskatun şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Qeyd edək ki, Azərbaycan bayrağı bu il Saskatçevanın iki böyük şəhərində - Recayna və Saskatunda dalğalanır.
"Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Niaqara Fols Siti Hol” (“Niagara Falls City Hall”) mərkəzinin önündə də Azərbaycan bayrağı qaldırılıb.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə baş tutan mərasimdə Niaqara şəhərinin meri Ceyms M. Diodati Azərbaycan icmasına təbrik edib və mərkəzin rəhbəri Lalin Həsənovaya mer və şəhər şurasının üzvləri tərəfindən imzalanmış bəyannaməni təqdim edib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və ABŞ-də fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Niaqara şəlaləsinin işıqlandırılmasını izləyərək bu tarixi günü qeyd edən Kanada Azərbaycan icması, həmçinin Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri “Azərbaycan”, “Xudayar təsnifi” və “Qarabağ” musiqisinin sədaları altında rəqslər edib, “Yallı” gediblər.
Qeyd edək ki, hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.
Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasının önündə də 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı və sabiq vətəndaşlıq və multikulturalizm naziri Toni Ruprextin moderatorluğu ilə baş tutan mərasimdə çıxış edən Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş Azərbaycan və Türkiyənin tarix boyu bütün çətinliklərə sinə gərdiyini, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” tarixi kəlamını xatırladıb, bu dostluq və qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu dilə gətirib.
Tarix elmləri namizədi İlqar Məmmədov Müstəqillik Gününün tarixi haqda ətraflı məlumat verərək, bildirib:
"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul olunur. F.X.Xoyskinin başçılığı altında hökumət təşkil edilirr. Ə.Topçubaşovun sədrliyi altında Azərbaycan Parlamenti yaradılır. Parliamentin Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməsi üçün hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə azərbaycanlılara 80, ermənilərə 21, ruslara 10, alman, yəhudi, gürcü və polyakların hərəsinə 1 yer verilməsi barədə qərar qəbul edilir. Parlamentdə 11 müxtəlif partiya fraksiyası fəaliyyət göstərirdi. Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri məqbul hesab edilmişdi.
Parlament Nazirlər Şurasının sədrini təyin edirdi. Hökumət başçısı isə nazirlər kabinetinin üzvlərinin – nazirlərinin namizədliyini Parlamentin təsdiqi üçün irəli sürürdü. Beləliklə, Hökumət seçki əsasında formalaşmış Parlament tərəfindən təyin olunurdu. Nazirlərin təqdim etdikləri qanun layihələri Parlamentdə qəbul olunur və nazirliklər tərəfindən icra olunurdu. Bununla da icraedici orqanın qanunverici orqan qarşısında cavabdehliyi və onlar arasında tarazlıq təmin edilirdi.
Bununla əlaqədar ADR və Kanadanın siyasi sistemlərinin müqayisəsi böyük maraq kəsb edə bilər. Kanada parlamenti 1867-ci il tarixli Konstitusiya Aktına əsasən federal qanunverici orqandır. Kanada parlamenti üç hissədən – monarx, yuxarı palata - Senat və aşağı palata - İcmalar Palatasından ibarətdir. Kanadanın dövlət başçısı Britaniya monarxıdır. Onun Kanadadakı nümayəndəsi Baş nazirin tövsiyəsi ilə monarxın təyin etdiyi General-Qubernatordur. Senatın üzvləri Baş nazirin tövsiyəsi ilə General-Qubernator tərəfindən təyin olunur. Bu üç orqandan yalnız İcmalar Palatasının üzvləri seçicilər tərəfindən seçilir. Qanun layihələri hər iki palatada qəbul ediləndən sonra yalnız General-Qubernatorun kral razılığını verməklə onlar qanun qüvvəsinə minirlər. General-Qubernator İcmalar Palatasını iclaslarını təyin edir, onun fəaliyyətini müvəqqəti dayandıra və ya buraxa bilər.
Kanadada icra hakimiyyət Baş Nazir tərəfindən rəhbərlik olunan Nazirlər Kabinetinə məxsusdur. Kabinetin üzvləri – nazirlər İcmalar Palatasında yerlərin əksəriyyətini əldə edən partiyadan seçilmiş deputatlardır. Beləliklə, Nazirlər kabinetinin – icraedici orqanın üzvləri eyni zamanda Parlamentin – qanunverici orqanın deputatlarıdır. Bununla da icraedici orqanın qanunverici orqan qarşısımda hesabat vermək və məsuliyyətə cəlb olunmaq ehtimalı yoxa endirilir. Kanada 1949-cu ildə özünü tam daxili muxtariyyətlə konstitusiya monarxiyasına çevirdi. Kanadanın siyasi sistemi Britaniyanin sisyasi sisteminin təkrarıdır.
Seçki hüququna gəldikdə isə ADR Kanadadan daha əvvəl bütün qadınları bu hüquqla təmin etmişdir. Kanadamın 1791-ci il Konstitusiya Aktı seçki hüququnu qadınlara deyil, yalnız dəyərli əmlaka sahib olan “şəxslərə" şamil edirdi. Kanadada 1918-ci ildə verilmiş seşki hüququ yalnız ağ insanlara şamil edilirdi. İrqindən, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan asılı olmayaraq, bütün qadınlara federal və vilayət səviyyəsində seşki hüququ yalnız 1960-cı ildə verildi. Kanadada bütün vətəndaşların hüquq və azadlıqlar yalnız 1982-ci ildə qəbul edilmiş Konstitusiya akt; tərəfindən təmin edilmişdir,
İrqi, etnik, sinfi, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının bərabər hüquq və azadlıqlarının tanınması Cumhuriyyətin ən böyük uğurlarından oldu. Azərbaycan Xalq Cümhuriyyəti parlament demokratiyası və seçki hüququ sahəsində Kanadadan xeyli irəli və üstün idi. Onun vərəsəsi olan Azərbaycan Respublikası bu hüquqları daha da genişləndirdi. 28 may Müstəqillik günü hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir".
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Ontario əyalət parlamentinin üzvü Kris Qlover və çıxış edən digər rəsmilər 28 May – Müstəqillik Günü münasibətilə azərbaycanlıları təbrik edib, bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri diqqətə çatdırıblar.
Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli Bayrağımız Lalin Həsənova və Səlhət Abbasova tərəfindən Ontario qanunvericilik binasının önündə səmaya ucaldılıb.
Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. Bu cümhuriyyətin yaradılmasının şərəfli tarixi var.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.