Azərbaycanın Diaspor Gənclərinin Yay Düşərgəsi xaricdə yaşayan Azərbaycanlı gəncləri öz mədəni kökləri və milli kimlikləri ilə əlaqələndirməyə yönəlmiş mühüm təşəbbüsdür. Hər il düşərgə Azərbaycanın müxtəlif bölgələrində keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən düşərgə iştirakçılara müxtəlif mədəni, maarifləndirici və sosial fəaliyyətlər təklif edir. Bura Azərbaycan tarixi, adət-ənənələri və dili ilə bağlı dərslər, həmçinin ölkə daxilindəki tarixi və mədəni abidələrə səfərlər daxildir. Düşərgə Azərbaycanla daha dərin əlaqə yaratmaqla diaspor gənclərinə hətta xaricdə yaşayarkən belə güclü şəxsiyyət və aidiyyət hissini saxlamağa kömək edir.
Proqram həmçinin müxtəlif ölkələrdən olan Azərbaycanlı gənclərə bir-biri ilə və yerli gənclərlə əlaqələr qurmağa imkan verən şəbəkələşmə platforması rolunu oynayır. Düşərgə mədəni əlaqələri inkişaf etdirməklə yanaşı, iştirakçıları öz ölkələrində Azərbaycanın müdafiəçisi olmağa, qlobal səhnədə milli maraqları dəstəkləməyə təşviq edir. Bu səylər vasitəsilə Azərbaycan öz diasporunun beynəlxalq münasibətlərdə və mədəni diplomatiyada rolunu gücləndirməyi, düşərgəni təkcə mədəni mübadilə deyil, həm də Azərbaycanın imicini və nüfuzunu dünyada təbliğ etmək üçün strateji səyə çevirməyi hədəfləyir.
Bu il proqram avqustun 1-dən 7-dək işğaldan azad edilmiş Qarabağ torpağında baş tutub.
Diaspor gəncləri əsasən Laçında məskunlaşaraq, Susa, Xankəndi, Xocalı kimi gözəl Qarabağı gəzmək imkanı əldə ediblər. Onlar öz təəssüratlarını "Azerbaijan Post" qəzeti ilə bölüşüblər.
Kamadadan Türkan Bozkurt Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirakı ilə bağlı qeyd edib:
"Kanadada paralegal olaraq işləyirəm və özümü insan hüquqları müdafiəçisi hesab edirəm. Hörmətli prezidentin dediyi kimi, Azərbaycan hökuməti 50 milyonluq azərbaycanlının hökumətidir və mən Azərbaycanda olduğum müddətdə bunu parlaq şəkildə gördüm.
Güney azərbaycanlı iştirakçılardan biri kimi mən Azərbaycan hökumətinə təşəkkür edirəm ki, "Arazın bu tərəfi o tərəfi yoxdur" deyimini reallaşdırıb, həm də Güney Azərbaycan əhalisinə belə imkanlar verib.
Bu proqram mənim köklərimlə əlaqəmi heç vaxt təsəvvür etmədiyim şəkildə dərinləşdirən unudulmaz bir təcrübə oldu. Gəldiyim andan mən Azərbaycan mədəniyyətinin gözəlliyinə qərq oldum - ənənəvi rəqsləri öyrəndim, orijinal mətbəxin dadına baxdım və əcdadlarımın dilində danışdım. Dünyanın hər yerindən olan insanlarla qurduğum dostluqlar da bir o qədər zəngin oldu; müxtəlif ölkələrdən gəlməyimizə baxmayaraq, hamımızın irsimizlə ortaq bir bağı var idi. Klassik Azərbaycan mahnılarını oxumaqla dostluğumuz daha da möhkəmləndi. Həftə ərzində keçirilən maarifləndirici seminarlar vasitəsilə çox şey öyrəndik.
Emosiyalarımızı gizlədə bilmədik və şəhid ailələri ilə görüşəndə hamımız ağladıq. Qədim Şuşa şəhəri kimi tarixi yerləri görmək və yerli liderlərlə görüşmək imkanımız oldu. Ümumiyyətlə, heç vaxt unudulmayacaq bir həftə oldu və bunu mümkün edən hər kəsə minnətdaram".
İspaniyanın Madrid şəhərindən düşərgəyə qoşulan Nuru Idrisli isə deyir ki, düşərgədə keçirdiyi zaman onun üçün çox dəyərli və unudulmaz olub:
"Diasporamızın təşkil etdiyi bu tədbir biz gənclərə yalnız yeni dostlar və xatirələr qazandırmadı, həm də vətənpərvərlik hisslərimizi daha da gücləndirdi. Laçın Xankəndi və Şuşa kimi tarixi yerləri ziyarət etmək, keçirilən semimar və tədbirlər, bizim üçün çağırılan xüsusi qonaqlar, Qarabağ Üniversiteti lahiyəsi, şəhid ailələri və qazilərimizlə söhbət etmək mənim üçün dərin təsir buraxdı. Bu təcrübə mənim Azərbaycan xalqına olan sevgimi daha da artırdı.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən gələn, amma hamısı ürəyi Azərbaycanla döyünən gənclərlə tanış oldum. Onların dilimizi səlis bilməsi və hər zaman vətənə olan bağlılıqları məni çox təsirləndirdi.
Biz, xaricdə yaşayan azərbaycanlılar olaraq, hər zaman Azərbaycanı layiqincə təmsil etməliyik və onun tarixini qorumaq üçün əlimizdən gələni etməliyik. Bu düşərgə bizə, qalib ölkənin qürurlu vətəndaşları olaraq, bu məsuliyyəti daşımaq üçün güc və ilham verdi. Bu gözəl təcrübəni bizə yaşatdığı üçün Diasporla İş üzrə Dövlət Komitəsinə və digər təşkilatçılara dərin təşəkkürümü bildirirəm".
Sankt-Peterburqun dövlət kanalında müxbir kimi çalışan Ayna Kərimova isə deyir:
"Müxbir işləməyimə baxmayaraq, musiqi mənim həyatımda ən önəmli yer tutur. Bu maraq ailəmdən gəlir, belə ki, anam və atam musiqi duyumlu və savadlı insanlardır. Gözümü açandan anamın layla və zümzümələrini eşitmişəm. Kiçik bacım da konservatoriya tələbəsidir. Evimizdə həmişə musiqi səsi gəlir.
Valideynlərim Qarabağın yetirməsidirlər. 1994-cü ildə siyasi vəziyyətlə əlaqədar Rusiyaya köçməklərinə baxmayaraq, ailəmizdə 30 ildən çoxdur ki, bütün milli adət və ənənələr qorunub saxlanılıb. Azərbaycan adı, Qarabağ dərdi hər zaman bizimlə yaşayıb. Şükürlər olsun ki, artıq Qarabağ dərdi deyə bir niskilimiz qalmadı. Qarabağlı valideynlərimdən öncə Xocalını, Xankəndını və Şuşanı fəht etmək mənim qismətım oldu. O torpaqlarda gedən guruculuq işləri, yeniliklər mənə çox qürur verdi.
Qarabağın hər yanı cənnətdır. Deyilmişkən var imiş.
Avqust ayının 1-dən 7-ə kimi keçirdiyimiz o mənalı, maraqlı bir həftə „ömrümün ən gözəl günləri" səhifəsinə yazıldı. Laçının ən gözəl mənzərəli yerində, dağların qoynunda salınmış bu düşərgədə günlərimiz maraqlı səmərəli və çox şən keçirdi. Elə bil hamının içində bir Vətən həsrəti, Azərbaycan vətəndaşlığı aclığı vardı. Hər dəqiqəmizin qədrini bilirdik.
Hər gün Həkəri çayının həzin səsiylə oyanırdıq. Təyyarə ilə Füzuli aeraportuna enəndə isə kecirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Axı Füzuli rayonu valideynlərimin doğulduğu Cəbrayıl torpağının lap yaxınlığında yerləşir.
Qəribə hisslər idi. 30 ildən cox böyüklərimin gedə bilmədiyi torpaqlara mənə ayaq basmaq qismət oldu".
24 yaşlı Fuad Rəhimli isə Macarıstanın paytaxtı Budapeşt şəhərindən düşərgəyə qoşulduğunu deyib:
"Artıq 3 ildir ki, Budapeştdəyəm, magistr təhsilimi Budapeşt İqtisadiyyat və Texnologiya Universitetində tamamlamışam. Alman şirkəti olan SAP şirkətində DevOps mühəndisi kimi fəaliyyət göstərirəm.
1-7 Avqust tarixlərində Qarabağın dilbər güşəsi olan Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay düşərgəsində mən də iştirak edirdim.
Qarabağ mənim üçün bir nağıl idi, çünkü, hər zaman orta məktəb kitablarında oxumuşdum və heç bir real təsəvvürüm yox idi. Hər zaman o torpaqların işgal olunma tarixlərini qan yaddaşımız kimi əzbərləyirdim. Çox şükürlər olsun ki, artıq torpaqlarımızın hər biri güclü, şanlı ordumuz tərəfindən azad edilib. Biz indi Qarabağda gəzə, təmiz havasını içimizə çəkə, bir vaxtlar nağıl kimi öyrəndiyimiz o füsunkar yerləri öz gözlərimizlə görə bilirik. Hər anı macəra, xatirə oldu olan bir həftədə çox möhtəşəm, tamamilə fərqli hislər, duyğu dolu təcrübələr yaşadım, bir-birindən fərqli insanlarla tanış oldum.
Gözəl dostluqlar qurdum, Qarabağ haqqında daha çox məlumat öyrəndim. Xankəndini, Şuşanı, Xocalını, Əsgəranı ziyarət etmək, Şəhid ailələri və qəhrəman qazilərimizlə həmsöhbət olmaq şansım oldu.
Düşərgədə məni ən çox qürurlandıran məqamlardan biri başqa ölkədə doğulub böyüyən, heç vaxt Azərbaycanda olmamış gənclərin Azərbaycan dilində çox gözəl danışması idi, onlar heç bir zaman hara aid olduqlarını unutmamışdılar. Necə də gözəl hislər idi! Biz xaricdə yaşayan azərbaycanlılar hər nə qədər vətəndən kənarda yaşasaq da bizim ruhumuz, əməlimiz birdir və vətənimiz Azərbaycandır. Bizim vəzifəmiz bu torpaqların tarixini qorumaq, Azərbaycanı layiqincə dünyanın hər bir yerində təmsil etməkdir! Mən qürur duyuram ki, mən Azərbaycanlıyam!"
Avstraliyanın Sidney şəhərindən düşərgəyə qoşulan Nəsirli Azərin dedikləri:
"Hazırda polis əməkdaşı olaraq fəaliyyət göstərirəm.
Düşərgədə çox inanılmaz insanlarla tanış oldum və keyfiyyətli zaman keçirdim. Səmimi söhbətlər və müxtəlif mövzularda paylaşılan fikirlər mənə çox ilham verdi. Mənim üçün unudulmaz anlardan biri Laçının tarixi şəhid ailələri və veteranları ilə keçirdiyimiz vaxt oldu. Onların hekayələri və təcrübələri məni dərindən təsirləndirdi. Bununla yanaşı, əyləncəli oyunlar və maraqlı söhbətlər bu düşərgəni mənim üçün xüsusi bir təcrübəyə çevirdi. Bu unikal təcrübənin bir parçası olmaq və belə bir mühitdə vaxt keçirmək mənim üçün böyük bir şərəf idi".
Gürcüstanın paytaxtı Tiflisdə yaşayan 18 yaşlı Laşa İsabalayev də deyir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən “Gənclər Yaşıl Düşüncə Naminə” Diaspor Gənclərinin V ci Yay düşərgəsinin Gürcüstan Təmsilçisi olub:
"Hazırda Türkiyənin İzmir şəhəri 9 Eylül Universitetinin Memarlıq fakültəsində Türkiyə Prezident Təqaüdü ilə təhsil alıram. Bundan əlavə həm bir rəssam həm də gürcü dili tərcüməçisiyəm.
Gürcüstanda yaşayan Azərbaycanlıların inkişafı üçün yaradılmış “Alyans” Gənclər Mərkəzinin həm məzunu həm də Gənclər təmsilçisiyəm.
Diaspor Gənclərinin V ci yay düşərgəsi “Gənclər Yaşıl Dünya Naminə” iştirakçısı olmaqdan həqiqətən fəxr edirəm. Hər səhər gözlərimi Laçında açmaq mənim üçün bir möcüzə idi. İşğaldan azad olunan torpaqlarımıza ayaq basmaq, bu yerləri öz gözlərimlə görmək mənə bəxş edilən ən böyük xoşbəxtlik ola bilərdi.
İllərdir həsrətini çəkdiyim bu torpaqları öz gözlərimlə görmək mənim üçün bir xəyaldan daha çoxu idi artıq. Laçının uca dağları, yaşıllıqları, Həkəri çayı insanı əsl xəyalda kimi hiss etdirirdi.
Düşərgədə iştirakım zamanı həm çox kədərləndim həm də çox əyləndim. Laçınlılarla olan görüşümüzdə onların gözündəki o həsrəti anladıqda kövrəlməmək əldə olmurdu, bununla bərabər oradakı dostlarımızla musiqilərlə olan rəqsimiz, oyunlarımız mənim üçün unudulmaz bir xatirə idi.
Düşərgədə qurduğum dostluqlar və xatirələr daim mənimlə yaşayacaq. Orada qurduğum dostluqların mənim üçün çox dəyərlidir. Bu qədər qısa müddətdə bir birimizə zəncir kimi bağlanmağımız inanılmaz idi.
Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarətimdə keçmişə bir daha geri qayıtdım, bu torpaqları azad etmək üçün mərdanə mübarizə edən şəhidlərimizin ruhunu sanki orada hiss edirdim. Onlar sanki bizi qorumaq üçün daim yanımızda idi. Allah şəhidlərimizə rəhmət eyləsin məkanları cənnət olsun.
Laçının gözəlliklərini əks etdirmək və bunu daim xatırlaya bilmək üçün bacarıqlarımı istifadə edərək orada qısa müddətdə bir rəsm çəkdim və o rəsmə baxdıqca daim özümü yenidən orada hiss edirəm.
Bu düşərgə zamanı əlimdən gəldiyi qədər aktiv olmuş və bu vəsilə ilə ən aktiv iştirakçılardan biri olaraq təltif edilməyə haqq qazandım, mən bununla qürur duyuram. Diasporla İş üzrə Dövlət Komitəsinə və Heydər Əliyev fonduna mənə bu möhtəşəm Yay düşərgəsində iştirak etmə şansı verdikləri üçün təşəkkür edirəm".
Düşərgəyə Cənubi Koreyanın Seul şəhərindən qoşulan Rauf Hüseynovun dedikləri:
"Artıq 5 ilə yaxındır ki Seulda yaşayıram. Magistratura təhsilini yenicə başa vurub, işləməyə başlamışam.
Düşərgəyə gəldikdə isə, kimsə 5 il qabaq mənə desəydi ki dünyanın dörd-bir yanından gələn soydaşlarınla birlikdə Laçına-Qarabağa gedəcəksən, Şuşada cıdır düzünə ayaq basacaqsan, qətiyyən inanmazdım, təsəvvürümə belə gətirməzdim.
Düşərgə ərzində keçirilən panellər, seminarlar hər biri düşünülmüş, xüsusən xaricdə yaşayan həmyerlilərin bütün öyrənmək istədiyi məlumatları özündə ehtiva edirdi. Demək olar hər bir sahə haqqında - tibb, tarix, fəlsəfə, astrologiya, biznes və s.
Əksərən uzun müddət xaricdə yaşayan həmyerlilər vətən sevgisini daha həssas hiss edirlər. Şəhid anaları və qazilərlə görüşdə hər kəsin gözyaşlarını gizlədə bilməməsi buna sübut idi.
Ümumilikdə Laçında keçirilən 5-ci yay düşərgəsinin təşkilatçılarına çox ürəkdən minnətdaram və uzun müddətli davam etməsini arzu edirəm.
Bu hər zaman belədir - "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı!"