Hər il 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu, Qurtuluş Müharibəsinin böyük komandanı və Türk xalqının əbədi lideri Mustafa Kamal Atatürkün xatirəsinin anıldığı xüsusi bir gündür. 1938-ci ildə Atatürkün vəfat etdiyi bu gün, hər il həm Türkiyədə, həm də dünyada yaşayan türklər tərəfindən dərin hörmət və minnətlə yad edilir.
Bu tarixdə məktəblərdə, dövlət qurumlarında və bir çox təşkilatlarda, o cümlədən bütün dünya ölkələrində türk diasporaları tərəfindən xüsusi mərasimlər keçirilir. Atatürkün həyatı, idealları, Türk millətinə verdiyi əhəmiyyət və onun modern Türkiyəni qurmaq uğrunda göstərdiyi əzm təbliğ olunur. Bu mərasimlərdə konsertlər təşkil olunur, şeirlər oxunur, Atatürkün xatirəsinə filmlər və sənədli filmlər nümayiş olunur.
10 noyabr yalnız Atatürkün xatirəsini yaşatmaq üçün deyil, həm də onun müasirlik, müstəqillik, vətənpərvərlik və elm dəyərlərini qoruyub saxlamağın və gələcək nəsillərə ötürməyin önəmini vurğulayan bir gündür. Atatürkün irsi və düşüncələri bu gündə bir daha xatırlanır, və Türkiyə xalqı onun mirasını qoruyub gələcək nəsillərə ötürmək əzmi ilə dolu olur.
Noyabrın 10-da Kanadanın Toronto şəhərində də Kanada Türk Cəmiyyəti tərəfindən Mustafa Kamal Atatürkün 86-cı anım günü ilə bağlı tədbir keçirilib.
İlk öncə Mustafa Kamal Atatürkün xatirəsi sükutla yad edilib. Ardınca Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Daha sonra tədbir açıq elan olunub.
Tədbir iki hissəli proqramdan ibarət olub.
Birinci hissədə TSC Gənclər Birliyi ilə hazırlanan "Mən Mustafa Kamalam!" tamaşası, ikinci hissədə isə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin skripka və vokal ifaçısı Canan Sezgin Geylan və TRT İstanbul Radiosunun vokal ifaçısı Yahya Geylan tərəfindən Atatürkün sevdiyi əsərlər və xatirələrindən ibarət "Həyat Musiqidir" konserti təqdim olunub. Konsert proqramında ifaçıları qanunda Ergün Gülbay, piano: Fatih Yıldırım, zərb alətində Mehmet Akyazı, zurnada Nizo Alimov müşayiət edib.