İbrahim Zahid 1969-cu ildə Muğanın Germi şəhərinin Tülün kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kəndində başa vuran İbrahim Zahid orta təhsilini Muğanın Parsabad şəhərində davam etdirib.
Hələ gənc yaşlarından
Azərbaycan ədəbiyyatı və
musiqisinə böyük həvəs göstərir. Gəncliyinin ilkin dövrlərində
artıq Azərbaycanın ritm alətləri olan qaval və nağarada ifa etməyi bacarırdı.
O, Azərbaycan Respublikasının sərhədinə yaxın ərazidə yerləşən Tülün kəndində yaşadığına görə Azərbaycan radiosunu dinləmək imkanı olurdu. Həmin radio vasitəsi ilə yayımlanan musiqiləri, verlişləri sevə-sevə dinləyər, nə vaxtsa musiqiçi olacağını arzulayardı.
Tehrana işləməyə gedən İbrahim bir gün Baharıstan meydanında yerləşən musiqi alətlərı
mağazasının vitrinində bir
akkordeon görür. Həmin aləti
almaq üçün İbrahim gecə-gündüz, yorulmadan dərzixanada işləyir, pul yığır. Bir müddət sonra lazım olan 3000 tümən pulu yığıb, həmin akkordeonu alır və heç bir musiqi təhsil almadan onda ifa etməyi öyrənir.
Zamanla İbrahim Zahid artıq
akkordeonda peşəkar ifalar etməyə başlayır və həm ölkə daxilində, həm də xaricdə
Azərbaycanın ustad musiqiçısı kimi tanınır, sevilir, ifaları xüsusilə Bakının radio və televiziya
kanallarından səslənir.
İbrahim Zahid hazırda özünün təsis etdiyi Ustad Şəhriyar adına xalq çalğı alətləri ansamblının rəhbəridir.
İbrahim Zahid həmçinin
yeniyetmə yaşlarından şeirlər də yazıb. Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa
Vahidin qəzəllərindən bəhrələnən gənc şair İran,
Azərbaycan şairləri və
ədəbiyyatsevərləri arasında tanınmağa, sevilməyə başlayıb. İlk addımlarını sadə, rəvan qəzəllərlə başlayan şair
hətta muğam xanəndələrinin də rəğbətini qazanır.
Şairin birinci kitabı Bakıda
“Azərbaycan danışır” adı
altında, latın qrafikasında çap edilib. Bir il fasilədən sonra ikinci kitabı da Bakıda çap olunur. Hər iki kitabın təqdimatında məşhur Xalq artistləri, xanəndələr, şair və professorlar iştirak edib.
Xatırladaq ki, “Zahid” təxəllüsünü ona Azərbaycanın böyük Xalq şairi, professor Bəxtiyar
Vahabzadə verib.
İbrahim Zahid həm də
Qazaxıstanın ədəbiyat üzrə fəxri doktorudur.
Ailəlidir, 4 uşaq atasıdır.
------------------------------------------
Hər gülün öz ətri var, hər
bülbülün öz nəğməsi,
Hər elin bir qaydası, hər bölgənin bir ləhcəsi.
Dəsti-xətti bəllidir hər bir kəsin öz ləhni var,
Car edir xanəndənin kimliyini öz şivəsi.
Tarzən ifası ilə kimliyindən söz açır,
Sahibin elan edir hər bir kamança naləsi.
Biz muğam ustadı, həm
zəngulələr soltanıyıq,
Doğmadır bizdə bütün hər
dəsgahın hər şöbəsi.
Mahnımız, təsnifimiz insanların dil əzbəri,
Nəğməmiz məftun edir fəhm eyləyən hər bir kəsi.
Kainatı elə seyr etmiş, muğamatım mənim,
Günbəgün aydınlaşır bu varlığın kibriyyəsi.
Nəğməxan bir millətik, xoşdur bizim avazımız,
Yoğrulub ahəng ilə sanki bizim Xalqın səsi.
Zahidəm, Vahid babam, həm Şəhriyar olmuş atam,
Başımın üstündə o dahilərin var sayəsi...