Lalam mən

Lalam mən

Lalam mən

Azəryar Danışvər


Yenə payız şəhərimə çəkdi rəng
İl başladı Mədrəsələr çaldı zəng
Haray gəldi Mədrəsədən dəng-dəng
Çantamı mən götürmüşəm əlimdə
Ey vay, yenə dilim qaldı evimdə!

Dərs verilir dünyanın hər 
yerində
Uşaqlara öz ana dillərində
Hərə oxur öz baba tarixində
Məndə burda özgə dildə ağlıram
Dəftərimi tərsinə varaqlıram

Ey vay indi dilim evdə darıxır
Bu sayqısızlıq onu mütləq sıxır
Tez-tez divardaki saata baxır
Yolumu gözləyir evə qayıdım
Yatmış dilimi yuxudan ayıdım

Yenə bugün suya deyəcəyəm “Aab”
Necə verəcəyəm dərslərə cavab?
Titrəyəcək əlim, düşəcək kitab
Uşaqlar hay çəkib güləcək mənə
Döyünəcək kiçik ürəyim yenə!

Evdə Anam səslər “Ay dilli balam”!
Yazıq bilmir Mədərsədə mən lalam.
Elə ancaq dərslərdə “igirmi ( 20)” alam
Yoxsa nə mən mənəm, nə də Mədrəsəm
Niyə gərək indi belə tələsəm

Filim kimi o günü görrəm hərdən
Əvvəl günü, düşdü dilim dəyərdən
Atalara “Pedər” deyildi birdən
Mənim dilim oldu gülmək ağacı
Hər bir şeyi öyrənirəm qıyqacı

Ana oldu “Maadər”, yuxu oldu “Xaab”
Hər sözümə tərsindən aldım cavab
Başlandı fikrimdə o gündən əzab
“Anam yalançıdır yoxsa müəllim?!
Doğrusunda hansıdır mənim dilim”?!

Bu gün də başladı yenə “Mehr” ayı
Bu il də, bilirəm hər ilin tayı
Əzab çəkib gözləyəcəyəm yayı
Yayda bəlkə danışım öz dilimdə
Ey vay yenə dilim qaldı evimdə!

Dərd bir olsa, iki olsa dözərəm!
Qarşımda yol dəniz olsa üzərəm
Ceyran olub dağ-dərəni gəzərəm
Amma deyənmərəm özgəyə ana!
Önümdə öz anam od tutub yana!

Mənim anam “Maadər” deyil, Anadır
Hamı dil bir yana, o bir yanadır
Azərbaycan Türk dilindən yanadır
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır Elə, səsim fəryadım?!

Qolçaq kimi, köklənibdir müəllim
Ayağımı bağlır mənim öz əlim!
Susub baxır hələ buna Türk elim?
Yenə Nəsimi soyulur dəridən.
Ayaq deyil, Dildir bizi yürüdən!


Azəryaram öz dilimə bağlıyam
Yeri vardır vay deyəm, qan ağlayam
Bu dərdə mən bir ömürdür dağlıyam.
Odda yanır, ayım, günüm, ilim də!
Ey vay, yenə dilim qaldı evimdə!

Lalam mən


Leave a Comment