Zeynalabdin Tağıyev obrazını yaratmış məşhur türkiyəli aktyorun Torontodan İLGİNC açıqlamaları

Zeynalabdin Tağıyev obrazını yaratmış məşhur türkiyəli aktyorun Torontodan İLGİNC açıqlamaları

“Azərbaycan Post” qəzetinin bu dəfəki müsahibi məşhur türkiyəli aktyor, hazırda Kanadanın Toronto şəhərində yaşayan Ahmet Bilgindir. Türkiyənin bir çox məşhur film və seriallarında, teatr tamaşalarında rol alan Ahmet Bilgin Azərbaycan tamaşaçısına daha çox “Payitaht Abdülhamid” serialında canlandırdığı azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev obrazı ilə tanınır. Qəzetimizin əməkdaşı bu və digər mövzularda sənətçi Ahmet Bilginlə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:
“ - Azərbaycanlı tamaşaçılar sizi daha çox “Payitaht Abdülhamid” serialında yaratdığınız məşhur azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev obrazı ilə tanıyır. Bu obrazı yaradarkən hansı hisləri keçirmişdiniz? 
Tağıyev haqqında daha nələri bilirsiniz?

- Zeynalabdin Tağıyevi canlandırmaq təklifi gələndə çox məmnun oldum. Tağıyevin  Azərbaycanda neft tapan, ölkənin inkişafında mühüm rol oynamış bir şəxsiyyət olduğunu bilirdim. Lakin sonradan rolumla bağlı araşdırma
 apararkən həm də bildim ki, o, rayonda ilk qızlar məktəbini açıb. Moskva, Peterburq, Tbilisi, Odessa kimi şəhərlərdə türkcə təhsil verən məktəblərin açılmasına böyük dəstək verdiyini, Türkiyə, Misir, Hindistan və Rusiyada yaşayan müsəlmanlara maddi və 
mənəvi yardım etdiyini öyrəndim.  Həmçinin onun sənətə dəstəyini və Azərbaycanın ilk milli teatr binasını 
tikdirdiyini də öyrəndim. Başa düşdüm ki, Zeynalabdin Tağıyev təkcə Azərbaycanda neft tapıb, bundan varlanan bir insan deyil, həm də bütün türk dünyası üçün çalışan, xalqını sevən, təhsilə, sənətə önəm verən xeyriyyəçi, gələcəyə baxan, uzaqgörən bir şəxsiyyət olub və buna görə də rolumu bu böyük şəxsiyyətə yaraşacaq şəkildə oynamağa çalışdım.

- Azərbaycanda olmusunuzmu?
- Bakıda yaşayan sənətçi dostlarım tərəfindən dəvətlər aldım, amma Azərbaycanda heç vaxt olmamışam.  Amma tezliklə getmək istəyirəm.

- Daha hansı azərbaycanlı məşhurun obrazını canlandırmaq istəyərdiniz?

- Tariximizdən istənilən obrazı canlandırmaq məni çox sevindirərdi.
- Azərbaycan filmlərini izlədinizmi?
 Hansı sənətçilərimizi tanıyırsınız?

- İzlədiyim Azərbaycan kinosundan yadımda qalanlar “Arşın mal alan”, “Dədə Qorqud”,  “Sarı gəlin” və “Ol”dur.

Beş il Türkiyədə “Ol” filminin rejissoru Namiq Ağayevlə bir yerdə işlədik. “Qəhrəman üçün mərsiyələr”, “Nəsrəddin hocanın bir günü”, “Gilqames”,
 “Ələddinin sehrli çırağı” kimi teatr tamaşalarını səhnələşdirdik. Teatr təhsili ilə bağlı müxtəlif araşdırmalar aparmışıq. Namiq Ağayevin sayəsində Azərbaycanın çox önəmli heykəltəraşları,
 rəssamları, şairləri və rəssamları ilə tanış olmaq imkanım oldu. Hazırda onun Azərbaycan tarixindən bəhs edən filmi var, həmin filmdə oynamaq istərdim. 

Aramızda uzun məsafələr olmasına baxmayaraq, onunla dostluğumuz hələ də davam edir və həyata keçirmək istədiyim layihələrlə bağlı fikir mübadiləmiz də olur.

- Bu günə qədər yaratdığınız obrazlar arasında hansı sizə daha çox yaxındır, doğmadır? 

- İndiyədək yüzdən çox layihədə iştirak etmişəm, çox fərqli rollar oynamışam.  Mənə təsir edən və yaxın hiss etdiyim obrazlardan biri Emmanuel Roblesin yazdığı “Montserrat” teatr tamaşasındakı Montserrat obrazı oldu.  Montserrat günahsız insanların həyatı üçün öz həyatından imtina edəcək qədər cəsur bir personaj idi.

Digər obraz “Yedi Güzel Adam” serialında canlandırdığım “Yemenici” obrazı idi.  Yemenici də tamaşaçılar tərəfindən çox sevildi. İllər keçməsinə baxmayaraq, Yemenicinin dostluq, qardaşlıq və sülhdən bəhs etdiyi səhnələr hələ də sosial mediada paylaşılır”.

Xalidə Gəray

Zeynalabdin Tağıyev obrazını yaratmış məşhur türkiyəli aktyorun Torontodan İLGİNC açıqlamaları


Leave a Comment