Yüz on altı yaşlı “Leyli və Məcnun”

1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk
 tamaşası olub

Yüz on altı yaşlı “Leyli və Məcnun”

1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk
 tamaşası olub. 116 il bundan əvvəl səhnəyə qoyulan bu bənzərsiz sənət incisi müsəlman Şərqində yaranan ilk opera idi. Üzeyir bəy Azərbaycanda peşəkar bəstəkarlıq sənətinin təməlini qoydu. “Leyli və Məcnun”la, həmçinin musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi.

Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər: “Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.

Ü.Hacıbəyli məqalələrindən birində “Leyli və Məcnun”un yaranma tarixindən bəhs edərək yazırdı ki, 1897 - 1898-ci illərdə, on üç yaşında olarkən, doğma şəhəri
 Şuşada “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəyə baxır. Həmin kiçik tamaşanı yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev Şuşanın 
tanınmış musiqiçilərinin köməyi ilə hazırlamışdı.
 Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəyin yazdığına görə, bu tamaşa onun yaddaşına həkk olunur. Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələndən sonra o, məhz
 Füzulinin “Leyli və Məcnun”u əsasında opera yazmaq qərarını verir.

“Leyli və Məcnun” operasının ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə 
Əbdürrəhim bəy Haqverdiyev idi. Tamaşanın bədii tərtibatında publisist, rəssam Əli bəy Hüseynzadənin rolu olmuşdu. İlk tamaşanı müşayiət edən orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi.

Müsəlman qadınların səhnəyə çıxmasına yol verilmədiyi o zaman Leyli rolunun ifaçısını tapmaq çox çətin idi. Qadın rollarını kişilər ifa edirdi. İlk tamaşada Leyli rolunun 
ifası məlahətli səsə malik bir gəncə (Əbdülrəhman Fərəcov) tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski çıxış etmişdi.

Sonralar Leyli rolunda Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova, Yavər Kələntərli, Sima Haşımlı, Simuzər Hətəmova, Rübabə Muradova, Nəzakət
 Məmmədova, Qəndab Quliyeva və başqa mərhum sənətçilər, eləcə də Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, 
Simarə İmanova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova və bu günün digər tanınan ifaçıları səhnəyə
 çıxıblar.

Səhnəmizin Məcnunu isə Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əlövsət Sadıqov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Əli Mehdiyev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səfa Qəhrəmanov, eləcə də Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa xanəndələr olub.

Bir əsrdən çoxdur ki, “Leyli və Məcnun” operası tamaşaçını öz cazibəsində saxlayır və bütün zamanlar üçün öz 
aktuallığını, bənzərsizliyini qoruyub saxlayır.

Yüz on altı yaşlı “Leyli və Məcnun”


Leave a Comment