Xocalı soyqırımından 32 il ötür...

Kanadanın Toronto şəhərində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Xocalı soyqırımından 32 il ötür...

. “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə həmvətənlərimizlə yanaşı Kanada Türk Dərnəkləri
 Federasiyasının prezidenti Sima Açan, QızılbaşQlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş,  Kanadada yaşayan müxtəlif icmaların üzvləri, Moldovanın fəxri konsulu, Türkiyənin Torontodakı baş konsulunun müavini, kanadalı siyasətçilər, tarixçilər və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Xocalıqurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad 
ediblər.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib, Azərbaycan xalqının məruz qaldığı bu amansız soyqırımın tanıdılmasının,  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.

Türkiyənin Torontodakı baş konsulunun müavini Mert Sav Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu və türk xalqının Xocalı qətliamını heç zaman unutmayacağını bildirib.

Tarixçi professor İlqar Məmmədov Xocalıda baş verənləri Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirib və  tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kanadalı siyasətçilər Reza Moridi və Yasmin Ratansi çıxışlarında Xocalının 32 il əvvəl bəşər tarixinin ən amasız qətliamlarından birinə şahidlik etdiyini bildiriblər.

Tədbirin bədii hissəsində görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət kompozisiya təqdim olunub, “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, Nuray Hüseynova təsirli ifası ilə yadda qalıb.
ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” (“Azərbaycan tarixi”) layihəsi çərçivəsində hazırlanan, Xocalı faciəsini əks etdirən qısametrajlı sənədli filmin nümayişi və foto-sərgi qonaqlar tərəfindən təqdirlə qarşılanıb.

Qeyd edək ki, tədbirin moderatoru tanınmış kanadalı siyasətçi Toni Ruprext olub. O, Xocalı cinayətkarlarının beynəlxalq məhkəməyə cəlb olunmasının vacibliyini
 vurğulayıb.

Beləliklə, fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu soyqirim nəticəsində 613 nəfər dinc azərbaycanlı Ölub, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni 
zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
 valideynlərindən birini itirib. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.

Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində 17 ölkənin parlamenti və ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir.
Bu gün Xocalı artıq azaddır. Xatırladaq ki, ötən il birgünlük antiterror tədbirləri ilə Xocalı işğaldan azad edilib. Lakin
 ermənilərin 32 il əvvəl Xocalıda törətdiyi faciə yüz illər sonra da Azərbaycan xalqının yaddaşından
 silinməyəcək. 

Onu da qeyd edək ki, hazırda Xocalıda intensiv quruculuq işləri aparılır. Bu yaz Xocalıya 50 ailənin köçürüləcəyi gözlənilir. Köç prosesi sürətləndikcə, xocalılar
 yolboyu səliqə ilə düzülmüş 200-ə yaxın müasir, rahat həyət evlərində yaşayacaqlar. Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər.

Bundan başqa fevralın 7-də Xocalıda ilk dəfə olaraq prezident seçkisi keçirilib.

Xocalı soyqırımından 32 il ötür...


Leave a Comment