Məşhur rejissor Məhəmməd Əlimuradi Urmiya gölündən film çəkdi, Finlandiyanı ağladıb, ən yüksək mükafata layiq görüldü

Məşhur rejissor Məhəmməd Əlimuradi Urmiya gölündən film çəkdi, Finlandiyanı ağladıb, ən yüksək mükafata layiq görüldü

Məşhur rejissor Məhəmməd Əlimuradi Urmiya gölündən film çəkdi, Finlandiyanı ağladıb, ən yüksək mükafata layiq görüldü


Məhəmməd Əlimuradi: “Film təqdim olunandan sonra zalda dedilər ki, işıqları yandırmayın, çünki zaldakıların əksəriyyəti ağlayırdı... “

Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradi İrandakı quruyan Urmiya gölü bağlı çəkdiyi “Gölün uşaqları” filminə görə Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalında ən yaxşı qısametrajlı film mükafatını qazanıb. Rejissor qısametrajlı sənədli filmində Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətdən bəhs edib. Belə ki, Əlimuradi filmində gölə yaxın ərazilərdə yaşayan insanların, xüsusilə uşaqların faciəli həyatını, müxtəlif xəstəliklərə yoluxduqlarını sənədləşdirib. O, Urmiya gölünün quruması nəticəsində bölgənin kənd təsərrüfatının məhv olması ilə yanaşı, baş qaldıran duz fırtınaları səbəbindən minlərlə insanın ağır tənəffüs, xərçəng xəstəliklərə yoluxduqlarına diqqət çəkib.
Xatırladaq ki, Güney Azərbaycandan olan rejissor Məhəmməd Əlimuradi 1979-cu ildə Mərənd şəhərində anadan olub. Jurnalistika üzrə təhsil alan Əlimuradi sonradan kinoya həvəs göstərərək, bu sahəyə yönəlir. Beləliklə, 13 ilə yaxındır ki, sənədli filmlər çəkir, İran Gənc Sinemaçılar Dərnəyinin və Təbriz Sənədli Film Evi Dərnəyinin üzvüdür. Hazırda Təbrizdə yaşayan işlədiyi mövzular əsasən insanlara, təbiətə, təbiət fəlakətlərinə, ətraf mühitə aid olur. 
“Adım” qısametrajlı filmi “Flatness Film Award” festivalında “Ən yaxşı qısametrajlı film” mükafatına, İranda Urmu gölünün və Qazaxıstandakı Aral gölünün quruması faciəsinə həsr olunmuş “Əkizlər” filmi “Dədə Qorqud” Film Festivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
Məhəmməd Əlimuradi Finlandiya Film Festivalında qalib gəlməsi ilə bağlı “Azerbaijan Post” qəzetinə danışıb:
-İlk öncə Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalından danışmaq istərdim. Bu film festival 25 ildir keçirilir və 2 ildən bir təşkil olunur. Finlandiya Film Festivalı dünyada ən məşhur təbiətlə bağlı filmlərin təqdim olunduğu festivaldır. Bu il festivala 750 sənədli film təqdim olunub, onların arasında yalnız 80-i festivalın proqramına daxil ola bildi. Beləliklə, festivalda 47 ölkədən gələn filmlər yarışırdı. Bu qədər film arasında müəllifi olduğum 15 dəqiqəlik “Gölün uşaqları” filmi “ən yaxşı qısametrajlı film” proqramında birinci yerə layiq görüldü. Amerika, Almaniya. Yunanıstan, Malaziyadan və digər ölkələrdən olan kinematorqfçılar bu filmi çox bəyənmişdilər. Film təqdim olunandan sonra zalda dedilər ki, işıqları yandırmayın, çünki zaldakıların əksəriyyəti ağlayırdı. 
Ümumiyyətlə, bu vaxta qədər quruyan Urmiya gölü ilə bağlı 4 sənədli film çəkmişəm. “Gölün uşaqları” filminin ilk görüntülərini təqribən 10 il əvvəl Ziynətli kəndində çəkdim. Ziynətli üç tərəfdən Urmiya gölünün əhatəsindədir. Bu səbəblə qurumanın təsirlərini görən ilk bölgələrdən olub. O vaxtlar, kəndlilərdən bəziləri bu faciənin işsizlik, mühacirət, əkinçilik və gündəlik həyatlarına göstərdiyi təsirlərdən danışmışdılar. Mən bu görüntülərin bir hissəsindən “Əkizlər” filmində istifadə etmişdim. Sonrakı illərdə Ziynətli kəndinə getdiyimdə daha əvvəl danışdığım bəzi kəndlilərin xərçəng xəstəliyindən öldüyünü öyrəndim. Beləliklə, film Urmiya gölünün insanlara, uşaqlara necə təsir göstərməsindən bəhs edir”.
 

Məşhur rejissor Məhəmməd Əlimuradi Urmiya gölündən film çəkdi, Finlandiyanı ağladıb, ən yüksək mükafata layiq görüldü


Leave a Comment