“Sənətkar xalqının sözü, dili olub, onun dərdini deməlidir, ancaq... “

Məşhur təbrizli müğənni Məsud Əmir Sepehr “Azerbaijan Post” qəzetinə müsahibə verib. Əməkdaşımızın hazırladığı müsahibəni təqdim edirik:

 

“Sənətkar xalqının sözü, dili olub, onun dərdini deməlidir, ancaq... “

“Dəfələrlə təqibə məruz qalmışam, ona görə ki ... “

“Sənətkar xalqının sözü, dili olub, onun dərdini deməlidir,  ancaq... “

Məşhur təbrizli müğənni Məsud Əmir Sepehr “Azerbaijan Post” qəzetinə müsahibə verib. Əməkdaşımızın hazırladığı müsahibəni təqdim edirik:

“ - Məsud bəy, necəsiniz? Yaradıcılığınızda son hansı yeniliklər var?

- İlk öncə “Azerbaijan Post” qəzetinin bütün oxucularına öz salamlarımı çatdırır, hər kəsə əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Həmçinin xalqımızı Azərbaycan Ordusunun yeni uğurlarına görə ürəkdən təbrik edirəm. İnşallah hər zaman Azərbaycan bayrağı Azərbaycan xalqının, millətinin başı üzərində olsun və olacaq da.

Yaradıcılığımdakı son yeniliklərə gəldikdə, bildirim ki, son olaraq  “Zirvəyə doğru” adlı albomumu buraxmışam, hansı ki, Bakıda da işıq üzü gördü və çox da bəyənildi. Həmçinin bir neçə yeni mahnılarım da var ki, onları da birləşdirib, bir albom şəklində təqdim etməyi düşünürəm.

Həmçinin iki aydan sonra Təbrizdə konsert keçirməyi planlaşdırıram. Ola bilsin ki, yaxın vaxtlarda Bakıda da rok üslubunda konsert təşkil edək.

- İfanızda daha çox hansı üslubda olan mahnılara üstünlük verirsiniz?

- Məlum olduğu kimim mən Bakı Musiqi Akademiyasında opera musiqisi üzrə təhsili almışam. Hesab edirəm ki, klassik musiqilərimizi, klassiklərimizi dərindən öyrənib, bilib, daha sonra yeniliklərə yelkən açmalıyıq. Məlum olduğu kimi aşıq musiqisi, muğamlarımız klassik musiqimizin sütunudur, ona görə də hər bir, bütün musiqiçilər mütləq bu sütunu dərindən bilməlidir, yalnız bundan sonra uğur qazanmaq mümkündür. Doğrudur, gənclər əsasən yeni üslublu musiqilərə maraq göstərir. Ona görə də musiqiçilərimiz yeniliyə də can atmalıdır. Bu baxımdan mən  bir qədər rok musiqisinə tərəf yönəlirəm. Rok musiqisinin özü də ciddi musiqi hesab olunur. Həm də içərisində yenilik var və gənclər, cavanlar bu musiqiyə çox maraq göstərir.

Bununla belə repertuarımda klassik musiqilər, xalq mahnıları da var. Amma qeyd etdiyim kimim, daha çox rok musiqisinə müraciət edirəm. Beləliklə, iki tərzdə ifalarım var.

- "Barış" musiqi qrupu hələ də fəaliyyət göstərirmi? Qrupun son fəaliyyəti haqqında nə deyərdiniz?

 - Çox şükür ki, “Barış” musiqi qrupu Güney Azərbaycanda artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərir, konsertlər verir. Bu müddət ərzində qrup təkcə Təbrizdə deyil, həmçinin Tehranda, İranın digər şəhərlərində uğurlu konsert proqramları ilə çıxış edib.

Son olaraq Quzey Azərbaycanın Gəncə şəhərində keçirilən festivalda iştirak etdik. Deyərdim ki, oradakı çıxışımız çox uğurlu oldu. Onun ardınca isə Tehranda  simfonik orkestrlə konsertimiz oldu. Həmçinin Bakıda simfonik orkestrlə birgə “Təbriz” mahnısını ifa etdim. Yəni, hər zaman fəaliyyətdəyik, yeni yaradıcılıq uğurlarına can atırıq.

Bu arada qeyd edim ki,  “Barış” musiqi qrupunun tərkibi daha genişlənib. Bildiyiniz kimi bizim xor qrupumuz da var və son vaxtlarda bu qrupun tərkibi 80 nəfərə yaxın olub. Yəni, tərkibimizi daha da genişləndirib, daha geniş tərkibdə konsertlər verməyi düşünürük.

 

- Hazırda Təbrizdə, ümumiyyətlə, İranda, Güney Azərbaycanda Azərbaycan musiqisi nə qədər inkişaf edir? 

- İllər öncə istəyimiz bu idi ki, akademiyada musiqini yüksək səviyyədə öyrənib,  onu Təbrizdə inkişaf etdirək. Bildiyiniz kimi Təbrizdə Bakı musiqi Akademiyası səviyyəsində konservatoriya yox idi. Hazırda isə Allahın izni ilə Təbrizdə rəhbəri olduğum 3 pilləli musiqi məktəbim var. Ona kiçik akademiya da demək olar. Yəni, çalışmışıq ki, məktəbimizdə təhsil Bakıda keçirildiyi kimi olsun. Bunun üçün məktəbdə musiqi tarixi, musiqi nəzəriyyəsi, solfecio kimi dərslər keçirilir. Bununla da istəyirik ki, tələbələrimiz musiqi sahəsində hərtərəfli, yüksək, akademik səviyyədə təhsil alsınlar.

Lakin məlum məsələdir ki, İranda türk və Azərbaycan musiqisi dövlət tərəfindən demək olar ki, dəstəklənmir, əsasən fars musiqi dəstəklənir. Mediada, televiziyalarda, hər yerdə fars musiqisi təbliğ olunur. Beləliklə də İranda Azərbaycan, türk musiqisi ifa edənlər populyarlıq qazana bilmir, çünki qeyd etdiyim kimi, mediaları yoxdur. Doğrudur, Bakıda televiziya ekranlarına çıxan, məşhurluq əldə edən xeyli sənətçilərimiz var, amma daxildə xeyli sayda dəyərli sənətkarlarımız var ki, onlar da tanınmalı, musiqimiz daha çox inkişaf etməlidir.

- Ölkə xaricində də konsertləriniz olurmu?

- Gözəl Bakıda 3 dəfə solo konsertim olub. Bakıda yaxın vaxtlarda da yeni konsert verməyi düşünürük. Qeyd edim ki, çox dəyərli sənətkarımız, gitara ifaçısı Rəhman Məmmədlinin oğlu Tural Məmmədli ilə birgə rok üslubunda  konsert verməyi düşünürük. Konsertdə yeni, rok üslubunda, yeni aranjiman olunmuş mahnılar olacağı gözlənilir. Əlbəttə ki, bu arzunu həyata keçirmək üçün sponsorun olması vacib məsələlərdən biridir. İnşallah ki, bu işlər də həll olunduqdan sonra Bakıda, Təbrizdə və Tehranda yeni konsertlərimiz olacaq.

- Zamanında “Türkvizyon 2014” mahnı müsabiqəsində iştirak etdiyiniz üçün sizə Güney Azərbaycanda konsert vermək qadağası qoyulmuşdu. Sonradan da bu cür qadağalarla üzləşdinizmi? Hazırda daha çox hansı məsələlərdə problemlərlə qarşılaşırsınız?

- Bəli, bu cür problemlərlə sonradan da qarşılaşdım. Məsələn,  Urmiya gölü quruyanda bu haqda mahnı yazmışdım, buna və görə də təqibə məruz qaldım. Və yaxud bir türk qızı ölmüşdü, o barədə mahnı yazanda təqibə məruz qaldım. Hesab edirəm ki, sənətkar xalqının sözünü, dərdini deməli, çatdırmalıdır. Yalnız  ritmik, əyləncəli mahnılarla olmur. Təbii ki, bunlar da lazımdır, lakin fikrimcə əsl sənətkar vaxtında öz xalqının, dili, sözü olmalıdır. Hər zaman bu yolu getmişik, ona görə də zaman-zaman təqiblər olur, qarşılaşırıq.

- İndiki sənətçilərdə sizi ən çox nə qane etmir? Bu məsələdə sizi narahat edən amillər hansılardır?

- Həm o tayda, həm də bu tayda yeni sənətçilər var ki, görürük ki, daha çox bayağı mahnılara üstünlük verir və yaxud musiqimizin dəyərlərindən tamamilə kənara çıxırlar. Bir az öncə qeyd etdiyim kimi, hər bir sənətçi öz musiqisini, bu musiqinin sütununu dərindən bilməli və bu dəyərlər üzərində yeni aranjiman, yeniliklər etməlidir. Əks təqdirdə, ortalığa bayağı musiqi çıxır. 

Çox təəssüf ki, son vaxtlar televiziyalarda, medialarda səviyyəsiz, bayağı musiqilər artıb. Əlbəttə ki, klassik, sanballı  musiqini müəyyən təbəqə, müəyyən sayda insanlar dinləyir. Xalq əsasən daha çox sadə musiqiləri dinləməyi sevir. Düşünürəm ki, bu məsələdə sənətkarlarımızın üzərinə çox böyük yük, məsuliyyət düşür. Onlar çalışmalıdırlar ki, xalqın zövqünü oxşaya bilsinlər. Yəni, səviyyəsiz musiqilər artdıqca, xalqın da musiqi zövqü korlanır. Biz sənətkarlar ortaya səviyyəli musiqi qoymalıyıq ki, xalqın zövqü korlanmasın.

- Sizin özünüzün də dinlədiyiniz, pərəstiş etdiyiniz sənətçilər varmı?

- Əlbəttə ki, var. Məsələn, mən Rəşid Behbudovu, Lütfiyar İmanovu, həmçinin Azər Zeynalovu öz müəllimim hesab edirəm. Hər zaman bildirirəm ki, Rəşid Behbudov mənim ilk müəllimimdir, ondan ilham almışam. Doğrudur, canlı surətdə Rəşid Behbudovdan dərs almamışam, amma onun səsi ilə böyümüşəm. Həmçinin Müslüm Maqomayevun musiqiləri ilə böyümüşük. Onlar bizim milli dəyərlərimiz, qanımız, canımızdır.

Həmçinin Pavarottini dinləməyi çox sevirəm. Həqiqətən də onun səsi ilahi bir səsdir və bəlkə də dünyaya daha belə səs gəlməyəcək.

Bundan başqa Anadolu rok musiqilərini dinləməyi çox sevirəm. Ümumiyyətlə isə, yüksək səviyyəli, keyfiyyətli olan istənilən tərzdə musiqiləri dinləməyi sevirəm.

- Yaradıcılığınızda reallaşdırmaq istədiyiniz hansı arzular, planlar var?

- Qeyd etdiyim kimi, Bakıda rok üslubunda, Güney Azərbaycanın dadı-duzu ilə gözəl konsert verməyi düşünürəm. İstərdim ki, Təbrizin salamını Bakıdakı soydaşlarımıza çatdıraq. Qeyd edim ki, Əli Səliminin “Sizə salam gətirmişəm” mahnısını bir qədər rok üslubunda hazırlamışıq. Arzu edirəm ki, onu da Bakı konsertində təqdim edək, efirlərdə yayılsın və bununla da Azərbaycan xalqı ilə daha yaxından əlaqəmiz olsun, bir birimizi daha çox tanıyaq.

Bir də arzu edirəm ki, aradakı sərhədlər də qaldırılsın və biz bacı-qardaşlarımızla iç-içə yaşayaq... “

 

Xalidə Gəray

 

“Sənətkar xalqının sözü, dili olub, onun dərdini deməlidir, ancaq... “


Leave a Comment