- Neçə müddətdir ki, Bakıdasınız?
- Artıq 8 ildir ki, ailəm ilə birgə Bakıda yaşayıram. Bir qızım tibb universitetinə
daxil oldu, digər qızım isə orta məktəbi
Bakıda davam etdi, daha sonra isə
universitetə daxil oldu.
Mən də tez-tez Təbrizə gedib-gəlirəm. Bildiyiniz kimi orada uzun müddətdir yaradıcısı olduğum «Rövşən» musiqi
məktəbi fəaliyyət göstərir.
- Niyə məhz «Rövşən» adı?
- Rövşən xalq qəhrəmanımız Koroğlunun adıdır, məktəbimiz də onun şərəfinə bu adı daşıyır. Artıq 32 ildir ki, məktəbimiz
fəaliyyətdədir.
- Yaradıcılığınızda hansı son
yeniliklər var?
- İki ildir ki, bir layihə üzərində çalışıram, hansı ki, bu layihə uzun illər mənim arzum olub. Aşıq havalarını studiyada yazdıq, Gürcüstan, Qərbi Azərbaycan, İranda olan aşıq mühitlərini toparladım. Məlum olduğu kimi İranda aşıq mühiti çoxdur və hamısı
bir-birindən fərqlidir. Məsələn, Təbriz-Qaradağ, Urmiya, Zəncan, Qum-Həmədan, Xorasan və digər bölgələrin aşıq havaları fərqlidir. Yəni, İranda 8-9 aşıq mühiti var ki, onların da hər birinin özünə məxsus ayrıca havaları var.
Qeyd edim ki, hazırda o taylı-bu taylı 900 aşıq havası toplamışıq. Onlardan 600-ə qədəri qədim, 200-ə qədəri isə sonradan yaranan havalardır.
- Yəqin ki, 600-ə qədər olan qədim havalar unudulanlardır?
- Düşünürəm ki, aşıq havalarının yazıya alınması 100 il əvvəl həyata keçirilsəydi,yəqin ki, onların sayı 2 000-dən çox olardı.Studiyada aşıq havalarının toplanılmasının xərcini Əli Polad bəy qarşılayıb.
Hesablasaq, bəlkə də 1 milyon dollar qədər vəsait edir. Bu, Əli Polad bəyin böyüklüyü, mədəniyyətimizə olan sevgisindən irəli gəlir.
- Xatırlayıram ki, təxminən 2 il öncə sizinlə bərabər bir neçə ziyalı «İrəvan çuxuru» havasının
Azərbaycan mədəniyyət irsinə aid olması ilə bağlı UNESCO-ya müraciət etmişdiniz. Bu məsələnin axırı necə oldu?
- Məlum olduğu kimi vaxtilə İrəvan xanlığında Çuxursəəd əyaləti olub. «İrəvan çuxuru» havası da bu əyalətlə bağlıdır. İrəvanda aşıq İskəndər Ağbabalı, aşıq Şenli, aşıq Summani kimi məşhur aşıqlar olub ki, onların da özlərinə məxsus havaları var. Studiyada aşıq havalarını yazanda təkcə Ağbaba aşıq mühitindən 27-30 aşıq havaları yaratmışıq. Bu mənim üçün misilsizdir.
Ermənilərin özləri də təsdiqləyir ki, onların aşıqları olmayıb. Bircə Sayat Nova adlı aşıqları olub ki, onun da həqiqətən erməni əsilli olması tam məlum deyil. Onun anası Sara gürcü qızı idi, Tiflisdə anadan olmuşdu, atası Karapet isə Hələb şəhərindən gəlmişdi. Sayat Nova ilk şerini də gürcü dilindəyazmışdı. Sonralar həm Gürcüstan, həm də Azərbaycan ədəbiyyatından təsirlənərək şeirlər yazıb. Bu
baxımdan onun həqiqətən erməni əsilli olması mübahisəlidir.
Qeyd edim ki, bizim xalq mahnılarımızın hamısı aşıq havalarından gəlib. Məsələn, «İkisi bir boyda gəzən gözəllər» adlı xalq mahnımız əslində aşıqhavası olub, sonradan xalq mahnısına çevrilib.
- Gənc nəslin aşıq sənətinə münasibəti necədir?
Hazırda Güney Azərbaycandakı aşıq sənətinin mövcud vəziyyəti sizi qane edirmi?
- Quzeylə müqayisədə hazırda Güney Azərbaycanda aşıq sənəti çox yüksək səviyyəyə çatıb. Doğrudur, 100-50 il əvvəl Quzey Azərbaycanda çox böyük aşıqlar olub, həmin aşıqlardan güneyli aşıqlar çox təsirlənib. Amma son zamanlar Quzeydə aşıq sənətinə bir laqeydlik hiss olunur. Güney Azərbaycanda isə aşıq musiqisi digər musiqilərdən öndə gəlir, xalq tərəfindən də çox sevilir.
Bilirsiniz ki, yaradıcısı və rəhbəri olduğum «Dalğa» musiqi qrupu aşıq sənətində yeni bir aranjimanla, fərqli səslər, fərqli musiqi alətləri ilə çıxış edir. Bu fərqliliklər həm xalq tərəfindən çox sevildi, həm də insanlar sazın, balabanın səsini bildirlər. Bu musiqi qrupu üçün cürə və böyük bas sazı düzəltdirdim. Ana saz, tavar saz, cürə saz bütün qədim Dağıstan mühitində olub. Bu adlar əsasında biz yenidən həmin sazları bərpa etdik, diriltdik. Bununla da «Dalğa» qrupu olaraq, kökü əsas götürüb, bir sıra yeniliklər ortaya qoyduq. Çalışırıq ki, bu günkü gənclərin ruhuna uyğun musiqilər yaradaq.
- Aşıq Ədalətdən təsirlənən aşıqlar sırasında sizin də adınız çəkilir.Razısınızmı bununla?
- Əlbəttə. Mən gözümü açanda evdə saz görmüşəm, ilk aşıq havasını əmim aşıq Eynulla Mehdiquludan dinləmişəm, kökləri də
ondan öyrənmişəm. Daha sonra Hüseyn Əsədi adında ustad aşıqla tanış oldum, ondan öyrəndim. Amma bizim hamımız Ədalətlə böyümüşük, onun qiyabi tələbəsi olmuşuq. Hətta bir dəfə bu barədə özünə də demişdim ki, «mən sizin qiyabi tələbənizəm».
- Amma çox təəssüf ki, dədə Ədalət ömrünün son 17 ilini kirayədə, qayğılar içərisində yaşadı...
- Bu məsələ mənim ağrılı yerim, dərdimdir. Çox təəssüf...
- 2017-ci ildə Bakıda «Dalğa» qrupu ilə çox möhtəşəm «Qarabağ dərdi» adlı konsertlə çıxış etdiniz. Artıq 3 ilə yaxındır ki, Qarabağ azaddır, bu dərdimiz demək olar ki, tam da olmasa sağalıb. Bəs bu dəfə zəfərimizlə bağlı konsert verməyi düşünürsünüzmü?
- Zəfərlə bağlı mən də nələrsə hazırlamışam. Konsert məsələsinə gəldikdə, əvvəllər o tay-bu taydan kömək alırdım, konsert məkanının pulunu ödəyirdim. İndi də çalışıram ki, bu cür dəstəklər alıb, yenidən konsert təşkil edim. Daha dəqiq desəm, payız aylarında konsert təşkil etməyi düşünürəm. Amma bilirsiniz, hazırda İran və Azərbaycan arasında siyasi bir gərginlik var, bu da bəzi məsələlərdə bizə çətinlik yaradır. Ürəyimdən çox şey keçir, amma hamısını etmək mümkün olmur.
O ki qaldı konsertimizin adının «Qarabağ dərdi» adlandırılmasına,Güney Azərbaycanda Əli Daşqın adlı böyük şair var, «Qarabağ dərdi» adlı şeir yazmışdı, mən də musiqi bəstələdim və konsertin adını həmin mahnıdan götürdük. Bu şeirin mövzusu əsasən bundan ibarətdir ki, «yollarımız bağlandı, bağışlayın ki, biz sizə kömək edə bilmədik». Beləliklə, bu şeiri çox sevdim, ürəyimdən gələn bir şeir oldu və mahnısı da ürəyimdən gəldi, yazdım.
- Belə bir deyim var, «aşığı el saxlayar». El məclislərinə, toylarına gedirsinizmi?
- Xeyr, Bakıda toylara getmirəm. Amma Güney Azərbaycanda toylarda olmuşam.
- Toylara getməməyinizin səbəbi nədir?
- Çünki Azərbaycanda aşıq sənəti toylardaməhv olur. Yəni, bu toylarda oxunan qətiyyən aşıq sənəti deyil. Qonaq kimi bir neçə dəfə Bakıda toylarda olmuşam, görmüşəm ki, aşıq sənəti əzilir. Əlbəttə ki, mən də toylara getsəm, qazanc əldə edərəm və heç də puldan acığım gəlmir, amma qeyd etdiyim kimi, Quzey toylarında aşıq sənəti əzilir, məhv olur.Amma Güney Azərbaycan toylarında
konsert səviyyəsində çıxışlarımız olub.Bəli, qədimdə aşıq sənəti toylarda yaşayıb. Amma indi gərəkdir ki, biz bu sənəti
konsertlərdə, efirlərdə, dünya səhnələrində təqdim edək, yaşadaq».
Xalidə Gəray