Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların musiqi-poetik yaradıcılığı da daxildir. Aşıq eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.
Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəhrəmani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, «Yanıq Kərəmi», «Dilqəmi» kimi, digər hissəsi isə «Əfşarı», «Şərili» kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan «Kitabi Dədə Qorqud» xalq dastanıdır.
Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan «Koroğlu» operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.